Super User

Super User

Çərşənbə axşamı, 26 Sentyabr 2023 16:23

Yabanı halda bitən 3 tondan artıq çətənə kolu məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Keçirilən tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən qurudulmuş marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Araşdırma zamanı Z.Mabudovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 308 kiloqram olan 4582 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Çərşənbə axşamı, 26 Sentyabr 2023 16:19

Anım Günü ilə əlaqədar tədbir keçirilib

Şəki Regional Ədliyyə İdarəsində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin qurumlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər. Çıxış edənlər  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dərin ehtiramla yad edib, onların şücaətlərindən bəhs ediblər.  Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulması xalqımızın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 

Şəkidə Gülarə Abdulkərimovanın “Dağılan tifaq” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində şairlər, kitabsevərlər, şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər kitab barədə iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, kitabda ermənilərin qəddarlıqları həm hekayə, həm də şeir şəklində oxuculara təqdim olunur. Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Cümə axşamı, 21 Sentyabr 2023 18:06

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Himayə” Uşaq İctimai Birliyi tərəfindən “Bizim hamımızın bir Vətəni var, bu, Azərbaycandır!” adlı vətənpərvərlik tədbirləri təşkil edilib. \"Heydər Əliyev ili\" çərçivəsində Şəkinin şəhər və kənd tam orta məktəblərində keçirilən maarifləndirici layihə zamanı vətənpərvərlik, Zəfər tariximiz, dilimiz, mədəniyyətimiz, multikultural dəyərlərimiz mövzularında mühazirə və söhbətlər təşkil edilib. Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Ümummmilli Lider Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bu ənənə prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirir.  Diskussiya şəkində davam edən tədbirlər çərçivəsində şagirdlərin sualları cavablandırılıb.

Cümə axşamı, 21 Sentyabr 2023 14:30

İsmayıllıda yol qəzası

Səhər saatlarında İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası olub. Göyçay sakini 56 yaşlı Sahib Həşimov idarə etdiyi \"Chevrolet \" markalı avtomobillə rayonun Hacıhətəmli kəndində hərəkətdə olarkən qəfl sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.  

Bazar ertəsi, 18 Sentyabr 2023 18:44

Mərhum jurnalist yad edildi

Şəkidə görkəmli jurnalist Teymur Xəlilovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərhum jurnalistin dostları, qələm yoldaşları, şairlər iştirak edib. Çıxış edənlər Teymur Xəlilovun həyat yolundan, xatirələrindən bəhs ediblər. Bildirilib ki, o, gözəl insan, bacarıqlı jurnalist, istedadlı yazıçı olub. Tədbirin sonunda iştirakçılar təşkilatçılara belə şəxsiyyətləri yada saldıqları üçün dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edəki ki, Teymur Xəlilov 18 sentyabr 1935-ci ildə Şəkidə anadan olub, ömrünün 64-cü ilində isə həyata gözlərini yumub.

Zaqatalanın Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun yüksək dağlıq ərazilərinə isə qar yağıb. Dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su səviyyəsi artıb və çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. Yuxarı Tala kəndini Meşleş kəndi ilə birləşdirən yol yararsız hala düşüb. Nəticədə 20-dən çox ailənin yaşadığı Meşleş kəndinin mərkəzlə əlaqəsi məhdudlaşıb. Məcrasından çıxan Zilban çayı Zilban kəndinin körpüsünü yararsız hala salıb. Həmçinin ərazidən keçən qaz xətti də zədələnib. Bu səbəbdən rayon mərkəzinin bir hissəsinə təbii qazın verilməsində fasilə yaranıb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb. Sel suları kənddə 100-dən çox sakinin təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri aparılır, dəymiş ziyanın miqyası hesablanır. Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Qabaqçöl qəsəbəsinə dolu yağıb. Rayon mərkəzinə, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Bir çox yaşayış məntəqəsində qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı Harun Layıcovun üzərindən aşkarlanan narkotik vasitəni Zaur İslamovdan, sonuncunun isə Məhəmməd Cəyiyevdən 200 manata aldığı və hissələrə bölərək ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manata satdığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə Məhəmməd Cəyiyevin yaşadığı ünvana da baxış keçirilib və oradan satış məqsədilə hazırladığı ümumilikdə 1 kiloqramdan marixuana aşkar olunaraq götürülüb. O, ifadəsində həmin narkotik vasitəni çöllük ərazidə becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirib. Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bazar ertəsi, 18 Sentyabr 2023 18:28

Milli Musiqi Günü qeyd edildi

Şəkidə 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib. Həydər Əliyev mərkəzində keçirilən tədbirdə şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər bildirib ki, Milli Musiqi Günü Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən etibarən qeyd edilir. Eyni zamanda Sentyabrın 18-nin - Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu günün, ölkəmizdə Milli Musiqi Günü kimi geniş qeyd edilməsinin dahi bəstəkarın irsinə, yaradıcılığına, şəxsiyyətinə olan hörmət və ehtiramın bariz nümunəsi olduğu vurğulanıb. Həmçinin bəstəkar Üzeyir Hacəbəylinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra isə tədbir konsert proqramı ilə davam edib.

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 5 nəfər yaralanıb. Yol qəzası rayonunun Quşencə kəndində ötən gün axşam saatlarında meydana gəlib. Kənd sakini 30 yaşlı Şəhriyar Babazadənin idarə etdiyi “Ford Tranzit” və Arzu Məcidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülər və Ford markalı mikroavtobusda biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb. Hadisə zamanı sərnişinlər Ruzi Məcidov, Şəhriyar Abdulazaqov, Fatimə Abdulazaqova, Kamilə Abdulazaqova və sürücü Şəhriyar Babazadə xəsarət alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. İsmayıllı sakini, 32 yaşlı Ruzi Məcidovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

345 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S