Super User

Super User

Cümə axşamı, 05 Oktyabr 2023 14:58

Bu gün Beynəlxalq Müəllimlər Günüdür...

Hər birimizin həyat yoluna işıq saçan, bizə həyatı öyrədən, gələcəyə hazırlayan, hər dəcəlliyimizə dözən, nazımızı çəkən, doğmalarımız qədər sevdiyimiz müəllimlərimizin bu gün peşə bayramı - Beynəlxalq Müəllimlər Günüdür.

Ölkəmizdə müəllimlərə böyük hörmət bəslənir və müəllim adı uca tutulur. Şəkidə çəkiliş etdiyimiz təhsil müəssisələrində təhsil alan şagirlər də mülllimlərini təbrik edib, şeirlər söyləyiblər. Həmçinin müəllimlər də peşə bayramı münasibətilə öz həmkarlarını təbrik ediblər.

Qeyd edək ki, Beynəlxalq Müəllimlər Günü UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edib. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Konfransa Şəki- Zaqatala Regional Təhsil idarəsinin rəsmiləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər, şəhid ailələri iştirak ediblər. Çıxış edənlər vurğulayıb ki, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün uğurla davam etdirdiyi diqqətə çatdırılıb.

Məktəblərdə vətənvərpərliyin daim təbliğ edilməli olduğu və vətənə sevginin aşılanmasının vacibliyi vurğulanıb. Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim və təhsil işçisi mükafatlandırılıb.

Çərşənbə, 04 Oktyabr 2023 13:48

Tarix yazan əbədiyaşar lider...

 Şamaxıda “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib. İcra Hakimiyyəti və Pedaqoji Universitetin Şamaxı filialının birgə təşkilatçılığı ilə keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunub. Çıxış edən natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Ardınca filialın tələbələri Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib. Sonda “Tarix yazan əbədiyaşar şəxsiyyət” filmin nümayiş olunub.

Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı olub. Bu fikirlər Qaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan toplantıda səsləndirilib. “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda Heydər Əliyev Mərkəzində keçirilən tədbir Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi, fövqəladə təşkilatçılıq bacarığı, gərgin və yorulmaz əməyi sayəsində respublikamız çox qısa bir zamanda geniş, dinamik inkişaf yoluna qədəm qoyub. Məhz Ulu Öndərin o zaman Azərbaycanı düçar olduğu iqtisadi çətinliklərdən, geriliklərdən tezliklə qurtarmaq əzmi ilə həyata keçirdiyi geniş miqyaslı tədbirlər sayəsində ölkəmiz inamla irəli getməyə, tərəqqi etməyə başlayıb. Diqqətə çatdırılıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılıb, ölkənin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yaranıb, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrilib. Sonda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı videoçarx nümayiş olunub.

Sentyabrın 30-u axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfərin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan kənd sakinləri 32 yaşlı Məqsəd Rzayev və 29 yaşlı  Həmid Gülməmmədov xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq Həmid Gülməmmədov dünyasını dəyişib.  Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, həlak olan Həmid Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır. Hadisə nəticəsində daha bir nəfər, 31 yaşlı İlqar Cumayev xəsarət alıb.

Şəkinin Cəfərabad kəndində Vətənin azadlığı uğrunda canından keçən 13 şəhidin xatirəsinə inşa olunmuş abidənin açılışı olub. Açılışda  şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Yaxın günlərdə əkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə başlanacaq. Bu barədə İsmayıllı rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbirdə bildirilib.  Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb. İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamağın mümkünlyünə diqqət çəkilib. Vurğulanıb ki, Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir. Həmçinin o da bildirilib ki, Dağlıq Şirvan regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın sığorta ödənişi edilib. Sonda fermer və təsərrüfat sahiblərinin sual və təklifləri dinlənilib,fikir mübadiləsi aparılıb.

Cümə axşamı, 28 Sentyabr 2023 16:22

Şəkidə silsilə əməliyyatlar

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən, eləcə də üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 16 nəfər saxlanılıb. Keçirilən tədbir zamanı üzərində avtomat silahı gəzdirməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Cavidan Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində silahı bir neçə il əvvəl tapdığını və müxtəlif yerlərdə gizlədərək üzərində gəzdirdiyini bildirib. Ekspertizanın da rəyinə əsasən C.Musayevdən götürülən sihah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində iranlı narkotacir “Mövsüm” adlı şəxs tərəfindən kuryerliyə cəlb edilən Gəncə şəhər sakini Amil Tağıyev saxlanılıb. Sonuncu dəfə o, narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında əvvəlcədən ona göndərilən ünvana çatdırmağa razılaşsa da, ancaq polis əməkdaşları tərəfindən yaxalanıb. Üzərində daşıdığı bağlamaya baxış keçirilərkən müxtəlif növ narkotik vasitə və psixotrop maddə - tərkibi psixotrop maddələrlə zənginləşdirilən 4 kiloqram 420 qram qurudulmuş marixuana, 515 qram heroin, o cümlədən 54 qram metamfetamin aşkar edilərək götürülüb.Polis əməkdaşları tərəfindən Şəki rayonunda keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan cinayətkar qrup yaxalanıb. Həmin şəxslərin əvvəllər məhkum olunmuş Alim Cabbarov, Elman Şirinov və Faiq Mustafayev olduqları müəyyən edilib. Onlardan ümumi çəkisi 4 kiloqram 450 qram olan müxtəlif narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Keçirilən digər silsilə əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan daha 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 15 kiloqrama yaxın müxtəlif növ güclü təsiredici narkotik vasitələr və yaş halda çəkisi 75 kiloqramdan artıq 360 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Çərşənbə, 27 Sentyabr 2023 16:18

Ata və anasını bıçaqlayan şəxs saxlanıldı

Şəkidə oğul ata və anasını bıçaqlayıb. Hadisə Şəkinin Cəfərabad kəndində baş verib. Belə ki, kənd sakinləri, 69 yaşlı Səfər Əhmədov və arvadı 64 yaşlı Gülşən Əhmədova kəsilmiş-deşilmiş xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır. 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəkidə də ümumrayon tədbiri keçirilib.  Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləti, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edən anım tədbirində çıxış edənlər bildirib ki, Vətən uğrunda canını fəda edən şəhidlərimiz heç zaman unudulmayacaq.

Şəki Rayon Psixiatriya Xəstəxanasında da Anım Günü qeyd edilib. Tədbirdə xəstəxananın əməkdaşları, qazilər, şəhid ailələri iştirak edib. Çıxışlarda bildirilib ki, şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızla yanaşı, tibb işçilərimiz də misilsiz şücaət göstərərək öz adlarını şərəfli tariximizin şanlı səhifələrinə yazıblar. Sonra şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Saat 12:00-da isə şəhər ərazisində Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 

Anım Günü ilə əlaqədar Zaqatalada da keçirilən ümumrayon tədbirində rayon rəsmiləri və şəhid ailələri iştirak edibş  İştirskçılar əvvəlcə  şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Zaqataladakı Zəfər kompleksinin önündə keçirilən tədbirdə  çıxış edənlər  Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.  Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Zaqatalada da Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 

Qax rayonunun Şəhidlər xiyabanında keçirilən Anım mərasimində rayon rəsmiləri,  ictimaiyyət nümayəndələri, qazilər​ və şəhid yaxınları Vətənin azadlığı ugrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər Vətən müharibəsində xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin göstərdikləri şücaətlərdən söhbətlər açıblar. Daha sonra şəhərin Gənclik parkında ağacəkmə aksiyası təşkil olunub.

Anım Günü ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında da tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri ilə yanaşı,  şəhid ailələri, müharibə iştirakçıları iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Ardınca şəhidlərimizin xatirəsinə ucaldılmış kompleks ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb. Sonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib. 

Vətən müharibəsinin üçüncü ildönümü Şamaxı rayonunda da qeyd olunub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və qazilər iştirak edib. Çıxış edənlər  şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən yüksək diqqət və qayğının dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildiriblər. Daha sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şamaxı Cümə Məscidindəölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib. Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Ağsu rayonunda da 27 Sentyabr – Anım günü böyük izdihamla qeyd olunub.Tədbirdə rayon rəhbərliyi,ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edib. Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhid məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Rayon məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib. Çıxış edənlər şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb, bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildiriblər. Daha sonra rayon rəsmiləri Vətən müharibəsi şəhid  ailələrini yaşadıqları ünvanlarda ziyarət ediblər.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi  Kürdəmir rayonunda da ehtiramla yad edilib.  Rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  hərbiçiləri, şəhid ailələri və müharibə iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər. Çıxış edənlər Azərbaycan Ordusunun şücaəti sayəsində respublikanın ərazi bütövlüyünün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd ediblər. Sonda şagirdlərinin hazırladıqları ədəbi-bədi kompozisiya nümayiş olunub.

344 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S