Super User
Azərbaycan son 20 ildə qüdrətli və sarsılmaz dövlətə çevrilib
Bu gün Ümummilli Lider Heydər Əliyevin yaratdığı, milli dövlətçilik ənənələri üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır. Bu fikir Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümü ilə əlaqədar Qəbələdə keçirilən tədbirdə səsləndirilib. Çıxış edənlər bildirib ki, 20 il əvvəl Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Ulu Öndər Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Azərbaycan Prezidentinin 20 il ərzində apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın bütövlüyü təmin olunub, iqtisadi və siyasi gücümüz artıb, ölkəmiz saysız-hesabsız uğurlar qazanıb, Azərbaycan qüdrətli və sarsılmaz dövlətə çevrilib. Sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.Ardınca Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müharibə və sülh dövrünün qəhrəmanı” sənədli film nümayiş olunub.
İlham Əliyevin prezident seçilməsinin 20 illiyi qeyd edilib
Şəkidə YAP rayon təşkilatının təşkilatçılığı ilə dövlət başçısı İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunan \"Xalqın etimadını doğruldan prezident\" adlı tədbir keçirilib. Çıxış edənlər bildirib ki, yeni əsrin yeni lideri Prezident İlham Əliyev Azərbaycana uğurlu rəhbərliyi ilə ona böyük ümidlər bəsləyən xalqın etimadını layiqincə doğruldub. İlham Əliyevin Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək davam etdirməsi sayəsində Azərbaycan son 20 ildə dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, etibarlı tərəfdaş, sözünə güvənilən, mühüm qlobal təşəbbüsləri yüksək məharətlə həyata keçirən dövlətə çevrilib. Aparılan məqsədyönlü tədbirlər nəticəsində sürətlə inkişaf edən və modernləşən ordumuz dünyanın ən güclü 50 ordusu siyahısına düşüb. Məhz bu rəşadətli və güclü ordu ali baş komandanın rəhbərliyi altında torpaqlarımızın 30 illik işğalına son qoydu və düşmənə laiqli cavabını verdi. İndi isə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz və çox böyük tədbirlər, strateji layihələr həyata keçirilir. Tədbirin sonunda prezidentin 20 illik fəaliyyətinə həsr olunan \"İlham\" adlı sənədli filmin nümayişi olub.
Şəkidə bir-neçə ticarət obyektinin olduğu binada yanğın olub
Şəkidə bir-neçə ticarət obyektinin olduğu inzibati binada yanğın baş verib. Hadisə gecə saatlarında Şəki şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. İkimərtəbəli inzibati binanın birinci mərtəbəsində Şəki şəhər sakini, Rahim Cəlilova məxsus ümumi sahəsi 12 kvadratmetr olan köşkdə yanğın meydana gəlib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hadisə nəticəsində köşkün yanar konstruksiyaları içərisində olan su aparatı və kondisener yanıb. Yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Fındıq qəbulu məntəqəsindən pul oğurlayan şəxs saxlanıldı...
Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. Araşdırma zamanı onun 1 ay ərzində 5 dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı...
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəhər sakini Tural Mahmudovu saxlayıb. Şəxsi axtarış zamanı ondan bükümlərdə heroin, tiryək, qurudulmuş marixuana, eləcə də preqabalin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı Tural Mahmudovun həmin narkotik vasitələri satış məqsədilə üzərində gəzdirdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qax sakini ayının pəncəsindən möcüzə nəticəsində xilas oldu...
Qaxın ucqar Sarıbaş kəndinin dağlıq ərazisində atla hərəkətdə olan rayon sakininə qəflətən ayı hücum çəkib. Ayı hücumuna məruz qalan Fəxri Babayevin sözlərinə görə, o uzun illərdir təsərrüfatla məşğuldur və yaşadığı kəndə yaxın dağlıq ərazilərdə olan təsərrüfatlarına tez-tez ərzaq aparır. Əvvəllər də bir-neçə dəfə ayı ilə qarşılaşıb. Ancaq bu dəfə məsafələri çox yaxın olduğundan ayı ona ayaqlarından xəsarət yetirib.
Vəhşi heyvan hücumundan xilas olan Fəxri Babayev daha sonra Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək lazımi tibbi yardım alıb. Onun hər iki ayağına ayı dişləməsi nəticəsində yararanan yaralanma diaqnozu qoyulub. İlisu Dövlət Təbiət Qoruğunun direktoru Azərçin Muradov hazırda ayıların qışa hazırlıq dövrünə təsadüf etdiyini, bu hadisənin də qəflətən qarşılaşma nəticəsində baş verdiyini bildirib.
Onun sözləri görə, ayılar heç vaxt insana hücum etmir. Belə hadisələr yalnız ani qarşılaşma nəticəsində baş verir. Bu zaman isə aqressiv yox, daha təmkinli olmaq lazımdır. Hazırda ayaqlarından xəsarət alan Fəxri Babayevə cədvələ uyğun olaraq quduzluq əleyhinə peyvənd vurulur.
Gələcək nəsillərə örnək qəhrəman Nəcməddin Sarkayev...
44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri də Nəcməddin Əli oğlu Sarkayevdir. 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olan Nəcməddin hələ uşaqlıq illərindən vətənpərvərliyi, qayğıkeşliyi ilə seçilib və sevilib.
Ailədəki üç övladdan evin sonbeşiyi olan Nəcməddin hərbi xidmətini başa vurduqdan bir il sonra Vətən müharibəsi başlayır. Könüllü olaraq cəbhəyə yola düşən qəhrəman Ağdərə uğrunda gedən döyüşlər zamanı qolundan yaralanır. Döyüş yoldaşları israrla onu müalicə üçün yaxınlıqdakı hospitala aparmaq istəsə də, Nəcməddin razılaşmır. Komandirinin şəhid olması xəbərini eşidən Nəcməddini artıq heç kim saxlaya bilmir. İlk tibbi yardım göstərilər, göstərilməz yenidən döyüşlərə atılır. Komandirinin cəsədini təhlükəsiz əraziyə çıxarmaq istəyərkən özü də qəhrəmancasına şəhid olur.
Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Nəcməddin Sarkayev doğulduğu Balakən rayonunun Şərif kəndində dəfn olunur. Nəcməddinin doğum günündə təhsil aldığı Şərif kənd 1 saylı orta məktəbin şagirdləri üçrəngli bayrağımız və Balakən şəhidlərinin şəkillərini tutaraq, \\\"Şəhidlər ölməz, Vətən bölünməz” şüarlar ilə məktəbdən şəhidin adına inşa edilən xatirə bulağına və məzarına qədər yürüyüş ediblər.
Şəhidlik əbədiyyət zirvəsidir. Nəcməddin Sarkayev artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Nəcməddin Sarkayev Qələbəmizə şahid ola bilməsə də, bu gün ruhu şaddır. Çünki uğrunda canından keçdiyi Vətən torpağı artıq azaddır. Qəhrəman el öğlu göstrdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda medalı ilə təltif olunub.
Yapon investorlar Şəkini sərmayə yatırmaq üçün cəlbedici hesab edir...
Yaponiyadan olan bir qrup investor Şəkiyə səfərə gəlib. Səfərin məqsədi Şəkinin sənaye, turizm, ümumilikdə iqtisadi potensialı ilə tanışlıqdır. Səfər çərçivəsində investorlar əvvəlcə şəhərin qədim tarixi hissəsini - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu gəziblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər tarixi abidələr barədə qonaqlara ətraflı məlumat verilib.
Yapon qonaqlar Şəki sənətkarlarının əli işləri ilə tanış olublar. Şəki ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Qonaqlar həmçinin yapon sərmayəsi ilə fəaliyyət göstərən istehsal müəssisələrinə baxış keçiriblər. Belə müəssisələrdən biri olan tütün qurutma müəssisəsində iş prosesi ilə tanış olublar.
Bildirilib ki, təkcə tütünçülük sahəsində yapon investisiyasının həcmi region üzrə 20 milyon manat, Şəkidə isə 6.5 milyon manatdır. Sevindirici haldır ki, Şəkidə istehsal olunan tütün artıq İtaliya, Almaniya, Bolqarıstan kimi dünyanın bir çox ölkələrinə ixrac edilir. İnvestorlar bu səfərdən məmnunluqlarını və Şəkidə biznes fürsətlərinin olduğu qənaətinə gəldiklərini söyləyiblər.
Eyni vaxtda iki yanğın hadisəsi baş verib...
Qax rayonunda ayrı-ayrı ərazilərdə eyni anda yanğın hadisələri baş verib. Nəticədə bir ev və köməkçi tikili yanıb. Yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib. Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin dam və tavan örtüyü tamamilə yanıb. Yanğınsöndürənlərin və qonşuların köməyi ilə evdə olan əksər əşyalar yanmadan çıxarılıb. Hadisə zamanı ailə üzləri evdə olsalar da xoşbəxtlikdən xəsarət alan olmayıb.
Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.