Super User

Super User

Cümə, 28 İyul 2023 12:12

Eşitməyən qalmasın 28.07.2023

İndiyək Azərbaycanda və xarici ölkələrdə bir çox layihələrin dizayneri olan Sərxan Mustafayev 2021-ci ildə Qarabağın simvolu olan xari bülbül dizaynlı bir bina layihəsi hazırlamaq qərarına gəlib. 2 illik gərgin zəhmətdən sonra hazır olan layihədə bina müharibənin davam etdiyi 44 günə ithaf olaraq 44 mərtəbəli olacaq. Hər mərtəbədə müharibənin müvafiq gününə uyğun olaraq əldə edilən uğurlar, azad edilən yerlər, şəhidlər haqqında məlumatlar yer alacaq. Layihə muzey, ofis binası, xatirə kompleksi və s kimi müxtəlif məqsədlər üçün nəzərdə tutulur. Yaşıl rəngdə olacaq bu bina həm görünüşü həm də simvolikaları, ornamentləri ilə turistləri və qonaqları cəzb edəcək.

 

Şamaxıda biçilmiş əkin sahəsi qəsdən yandırılıb. Hadisəni törədən şəxsi rayonun Məlcək kəndi ərazisində xidmətdə olan polislər tutublar. Kənd sakini Cavidan Dəmirzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.Digər analoji tədbir zamanı Qaravəlli kəndi ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.

Qəbələdə XIII-cü Beynəlxalq Musiqi Festivalına bu gün start verilib. Avqustun 2-nə dək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək. Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. 21:00-da baş tutacaq açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - xalq artistləri Dinarə Əliyeva , Əvəz Abdullayev , Samir Cəfərov , Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış edəcəklər. 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski , Mixail Lidski , Henri-David Varema, Mariuş Patira  və digərləri çıxış edəcək. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək. Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski və Henri-David Varemanın ustad dərsləri də olacaq.

Qaxda dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşın axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə İlisu kənd sakini, 30 yaşlı Rəhman Kamallının itkin düşməsi ilə əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Cümə axşamı, 27 İyul 2023 19:12

Ağac budamaq istəyərkən həyatından oldu

Şəkidə ağacda budama işləri aparan qadını elektrik cərəyanı vurub. Hadisə səhər saatlarında Şəki şəhəri, Mahmud Əliyev küçəsində baş verib. Həmin küçədəki fərdi evlərin birində yaşayan 59 yaşlı Güləndam Hacıyeva həyətdəki əncir ağacında budama işləri aparmaq məqsədilə ağaca çıxıb. Ehtimal edilir ki, budama işləri aparan zaman  ehtiyatsızlıqdan onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub, qadın ağacda dünyasını dəyişib. Meyit ağacdan düşürülərək aidiyyəti orqanlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şəkidə Şəki 1 saylı Mediasiya təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib. Şəhər rəsmilərinin, idmançıların, gənclərin iştirak etdiyi tədbirdə Gənclər və İdman Nazirliyinin yaradılması və bunun fonunda həyata keçirilən gənclər siyasətindən danışılıb. Vurğulanıb ki, bu siyasət sağlam, intellektual və vətənpərvər nəslin formalaşmasına xidmət edir. Daha sonra idmançılar müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar edib, öz bacarıqlarını nümayiş etdiriblər. Viktorinalarda qalib gələn gənclər mükafatlanıdırılıb. Eləcə də idmanın inkişafı sahəsində göstərdiyi xüsusi xidmətlərə görə bir sıra şəxslər təltif edilib.

Bəzi hallarda məhsul yığımından sonra təsərrüfat sahibləri tərəfindən əkin sahələri yandırılır. Əksər fermerlər düşünür ki, sahələrin yandırılması məhsuldarlığa aqrotexniki baxımdan müsbət təsir göstərir. Əslində isə bu, elmə əsaslanılmayan, həqiqətdən uzaq bir düşüncədir. Digər tərəfdən, əkin sahələrinin fermerler tərəfindən yandırılması anomal istilərlə müşayiət olunan yay aylarında yanğının genişlənməsinə, biçilməmiş sahələrə, meşə ərazisinə keçməsinə, vacib mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur. Elmi cəhətdən də sübut olunub ki, əkin sahələrinin yandırılması nəticə etibarilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxarır. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunununda da qeyd edilir ki, əkin yerinin yandırılması qadağandır. İnzibati Xətalar Məcəlləsinə əsasən isə əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. Bir sözlə, unutmamalıyıq ki, torpağın çirklənməsi  zamanı  onu bərpa etmək üçün uzun illər lazım olur. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan şəxslər, fermerlər, sahibkarlar, bütövlükdə hər bir vətəndaş torpağın qorunması məsələsində xüsusilə həssas olmalı, bununla bağlı üzərinə düşən məsuliyyəti dərk etməlidir.

369 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S