Super User
Aikido idman növü üzrə respublika seminarı keçirilib
Xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanıldı...
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar. Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, M.Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar. Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bitkiçilik mütəxəssisi peşə ixtisası üzrə qiymətləndirilmə həyata keçirilib...
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə Şəki rayonunda fəaliyyət göstərən bitkiçilik mütəxəssislərinin qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələri qiymətləndirilib. Nəzəri və praktiki imtahanlar sahibkarlarla əməkdaşlıq çərçivəsində istehsalat bazasında təşkil edilib. Qiymətləndirmə Komissiyasına Dövlət Aqrar İnkişaf Mərkəzinin, Dövlət Məşğulluq Agentliyinin, “ASAN xidmət” mərkəzinin əməkdaşı, sahə üzrə müstəqil ekspert cəlb edilib. Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərən ərizəçilər “Bitkiçilik mütəxəssisi” peşə ixtisası üzrə sertifikatla təltif olunublar.
65 baş heyvan oğurlayan çoban saxlanıldı...
İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb. O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Dövlət idarəetmə texnologiya kollecində yanğın olub...
Hadisə Zaqatala şəhəri, Nizami Gəncəvi küçəsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin binasında baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində binanın dam örtüyünün 450-kv/m-lik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Eşitməyən qalmasın 04.08.2023
Şəkidə ağır yol qəzası...
Şəkidə səhər saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib. 24 yaşlı Fərzalı Həsənlinin sükanı arxasında olduğu “Azsamand” markalı minik avtomobili şəhərin Salman Mümtaz küçəsində hərəkətdə olarkən idarəetmədən çıxaraq maşın yolun kənarındakı beton səkiyə çırpılıb. Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 22 yaşlı Rüfət Abilov əraziyə çağrılmış Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Rüfət Abilov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb...
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. İyulun 27-də başlanan və yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak ediblər. Festival Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yekun konsertdə tamaşaçılara möhtəşəm proqram təqdim edilib. Konsertdə Xalq artisti Ənvər Sadıqovun, Əməkdar artist Emil Əfrasiyabın və “Qaytağı” instrumental ansamblının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı”, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.
Qaxda itkin düşən şəxsin meyiti tapılıb...
10 gün əvvəl çobanlıq etmək üçün yaylağa gedən şəxsin meyiti tapılıb. Rayonun İlisu kənd sakini 31 yaşlı Rəhman Kamallının meyiti İlisudan Sarıbaş kəndinə gedən istiqamətdə, Dağüçən dağı ərazisində yaylaqda olan bir çoban tərəfindən aşkarlanıb. Rəhman Kamallının meyitini düşürmək üçün əraziyə İlisu kənd sakinləri, və müvafiq qrum nümayəndələri yollanıb. Qeyd edək ki, Rəhman Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. Yaxınları onun epilepsiya xəstəsi olduğunu və yeriməkdə çətinlik çəkdiyini bildiriblər.
Polis dağlarda əməliyyat keçirdi...
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı mürəkkəb relyefli dağlıq ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. “Xaş-xaş-2023” tədbirlər planına uyğun olaraq şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Yuxarı Tala kəndindəki dağlıq-meşəlik ərazidə narkotik plantasiyası aşkar edilib. Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik tərkibli bitkilərin həmin kənd sakini Ceyhun Ramazanov tərəfindən becərildiyi müəyyən olunub. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Əraziyə baxış keçirilərkən 70 ədəd çətənə bitkisi, C.Ramazanovun həmin bitkilərdən əldə etdiyi marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin təxminən 3 ay öncə narkotik bitkiləri becərdiyi, onlara qulluq etmək üçün süni su hovuzları hazırladığı məlum olub. O, ifadəsində polisdən yayınmaq üçün çətənə kollarını çətin relyefli ərazidə becərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.