Super User
Sən elə bir zirvəsən...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəkidə musiqili-tarixi esse ilə çıxış edib. Şəki Dövlət Dram teatrında nümayiş olunan “Sən elə bir Zirvəsən” adlı səhnə əsəri Ulu Öndərin 100 illik və peşəkar milli teatrın 150 illik yubileyinə həsr olunub. Tədbirdə, rayon rəsmiləri, ziyalılar və şəhər ictimaiyyəti iştirak edib. Tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu drijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri əməkdar artist Vaqif Məstanov, baletmeystyer Emin Əliyev, rejissor asistenti Afər Tağıyeva olub. Səhnə əsərində teatrın solistləri, həmçinin xor və balet heyətinin üzvləri iştirak edib. Çıxışlar alqışlarla qarşılanıb.
Koreya respublikasının səfiri Şəkidə səfərdədir...
Səfər çərçivəsində Şəki şəhər icra hakimiyyəti başçısı ilə görüş keçirilib. İlk öncə səfirə Şəki, onun tarixi, mədəniyyət nümunələri və mətbəxi barədə məlumat verilib. Qeyd edilib ki, Şəki həmçinin festivallar şəhəridir və il ərzində burada bir neçə beynəlxalq festival keçirilir. Daha sonra bir sıra mövzular ətrafında müzakirələr aparılıb. Koreya Respublikasına Şəkidə istehsal olan və ixrac edilə biləcək məhsullar haqda danışılıb. Lavanda yağının, Şəki şərablarının və başqa məhsulların Koreyaya ixracı müzakirə olunub. Səfir də öz növbəsində Koreya Respublikasının Azərbaycanla qarşılıqlı əməkdaşlığa böyük diqqət və önəm verdiyini qeyd edib. Eyni zamanda turizm sahəsi də müzakirə edilən mövzulardan biri olub. Səfir Li İn-Yonq Koreydan çox sayda turistin Azərbayacana səfərə gəldiyini və hər il bu rəqəmin artdığını bildirib. Görüşün sonunda tərəflər bir birilərinə müxtəlif hədiyyələr veriblər.
Yoldan çıxan avtomobil aşdı, sürücü dünyasını dəyişdi...
İsmayıllı-Ruşan yolunda Kürdmaşı kənd sakini, 36 yaşlı Samir Babayev idarə etyi \"VAZ-2103\" markalı maşınla hərəkətdə olarkən qəfl avtomobilin qabaq təkəri partlayıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Yoldan çıxan maşın aşıb. Qəza zamanı sürücü aldığı xəsarətlərdən yerində ölüb. 41 yaşlı Variz Ağayev və 36 yaşlı Tərlan Həsənov isə ağır yaralanıb. Onlar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xatirə respublika turniri başa çatdı...
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində idman yarışları da keçirilir. Şəkidə sərbəst və yunan roma güləşi, həmçinin qadın güləşi üzrə yeniyətmələr arasında xatirə turniri başa çatıb. 28 rayon və şəhərdən 550-ə yaxın idmançının 3 yaş qrupu, 10 çəki dərəcəsi üzrə qüvvəsini sınadığı turnirdə əsas məqsəd müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsini anmaq və istedadlı gəncləri üzə çıxarmaq olub. 2 gün davam edən yarışlarda gərgin mübarizədən sonra qaliblər müəyyənləşib. Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Ağaclara qulluq adı ilə onu qurumağa məhkum edənlər...
Ölkənin dilbər güşələrindən biri olan Şəkinin tarixi şəhər olması ilə yanaşı yaşıllıqları da turistləri cəzb edən gözəlliyidir. Ancaq studiyamıza müraciət edən şəhər sakinləri şikayətlənir ki, quruyan və təhlükə saçan ağaclara toxunulmur, əksinə yaşıl ağaclar bütün budaqları kəsilərək quruma riski ilə qarşı qarşıya buraxılır. Beləliklə də şəhər özünün yaşıl libasından məhrum olur. Bizdə vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıq. Gəlin birgə izləyək... Şəki küçələrində qısa gəzinti zamanı kimlərinsə ya qəsdən ya da səriştəsizlikdən sanki bu gözəlliyə qənim kəsildiyinin şahidi olursan. Şəhərdə budama adı altında yaşıl ağaclar məhv edilir. Ekspert Dilbazi Cəmilov bildirib ki, ağacların budanması həm vaxtsız, həm də normalara uyğun olmadan aparılır. Məsələyə münasibət bildirən Dövlət Ekoloji Ekspertiza Agentliyindən də ağacların bu cür budanmasının tamamilə yolverilməz olduğu və aqrotexniki qaydaların kobud şəkildə pozulduğu deyildi. Şəki şəhərində yaşıllıqlara və parklara xidmət göstərən şəhər komunal təsərrüfat birliyindən isə bildirilən iradlarla razılaşmayıblar və bildirilib ki, onlar budamanı yalnız verilən rəy əsasında həyata keçirirlər. Beləliklə deyilənlərə inansaq hər kəs işini qaydalara uyğun görür. Ancaq reallıqda aqrotexniki qaydaların pozulması ilə aparılan və ağacların qurumasına səbəb olan budanma var. Və bu cür dırnaq arası qulluq işləri davam edərsə bir müddət sonra Şəki şəhərində gözəl çətirli yaşıl ağac tapmaq müşgülə çevriləcək. Ümid edək ki, parklarda və küçələrdə kölgəsində dinəcələ biləcəyimiz ağaclar yoxa çıxmadan aidiyyat qurumlar budanma işini peşəkarlıqla aparmağa başlayarlar.
Sahib İbrahimov, Necla Rəsul Xeyirli axşamlarda 10.07.2022
Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan sürücü inzibati həbs edilib...
Rayon sakini Elbrus Bilalov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib və ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elbrus Bilalovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib. Ümumiyyətlə isə Şəki Polisinin yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə son 2 ay ərzində keçirdiyi nəzarət tədbirləri zamanı3 avtoxuliqanlıq, 31 sərxoş vəziyyətdə və 70 sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Məsum sərinliyin yaratdığı xəstəliklər...
Havalar isindikcə kondisionerə tələbat artır, işdə evdə, avtomobildə... Demək olar ki, hər yerdə kondisioner var. Düzdü sərinləyirik, amma bu cihazın orqanizmə yaratdığı xəstəliklər heç də az deyil... Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər - əməkdaşlarımız mövzunu araşdırıb. İzləyək...
Kondisionerlərin ziyanı, xeyrindən heç də az deyil. Söhbət onlardan düzgün istifadə etmədikdə yaranan fəsadlardan gedir. Həkimlər bildirir ki, kondisionerin yaratdığı sərinliklə, çöldəki istiliyin kəskin fərqlənməsi, əzələ tutulmaları, üz iflici, astma bronxit , bir sıra ağciyər xəstəliklərinə, hətta sətəlcəmə gətirib çıxarır.
Həmçinin təmizlənməyən, nasaz işləyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin də sayı artır. Yaratdığı xəstəlikləri saymaqla bitməyən bu avadanlıqdan zərər çəkdiyimiz zaman hansı müalicə üsullarına əl atmalıyıq?! Evdə müalicə, ya həkim resepti... Belə hallarla rastalaşanlara mütəxəssislərin də öz tövsiyyəsi var.
Kondisioneri müəyyən fasilələrlə və tədricən dərəcəsini artırmaqla işlətmək lazımdır. Həkim-terapevt, həmin cihazdan bütün gün ərzində, gecə yatanda istifadəni isə məsləhətli saymır. Bəzi insanların fikrinə görə, kondisioner işlədiyi müddətdə otaq və ya pencərənin qapısını açıq qoysaq, bu həm kondisionerə, həm də səhhətimizə ziyan gətirə bilər. Lakin mütəxəssislər bunun əksinə olaraq vurğulayır ki, kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim təmiz havanın axını təmin olunsun.