Super User

Super User

Çərşənbə, 27 Sentyabr 2023 16:18

Ata və anasını bıçaqlayan şəxs saxlanıldı

Şəkidə oğul ata və anasını bıçaqlayıb. Hadisə Şəkinin Cəfərabad kəndində baş verib. Belə ki, kənd sakinləri, 69 yaşlı Səfər Əhmədov və arvadı 64 yaşlı Gülşən Əhmədova kəsilmiş-deşilmiş xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır. 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəkidə də ümumrayon tədbiri keçirilib.  Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləti, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edən anım tədbirində çıxış edənlər bildirib ki, Vətən uğrunda canını fəda edən şəhidlərimiz heç zaman unudulmayacaq.

Şəki Rayon Psixiatriya Xəstəxanasında da Anım Günü qeyd edilib. Tədbirdə xəstəxananın əməkdaşları, qazilər, şəhid ailələri iştirak edib. Çıxışlarda bildirilib ki, şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızla yanaşı, tibb işçilərimiz də misilsiz şücaət göstərərək öz adlarını şərəfli tariximizin şanlı səhifələrinə yazıblar. Sonra şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Saat 12:00-da isə şəhər ərazisində Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 

Anım Günü ilə əlaqədar Zaqatalada da keçirilən ümumrayon tədbirində rayon rəsmiləri və şəhid ailələri iştirak edibş  İştirskçılar əvvəlcə  şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Zaqataladakı Zəfər kompleksinin önündə keçirilən tədbirdə  çıxış edənlər  Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.  Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Zaqatalada da Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 

Qax rayonunun Şəhidlər xiyabanında keçirilən Anım mərasimində rayon rəsmiləri,  ictimaiyyət nümayəndələri, qazilər​ və şəhid yaxınları Vətənin azadlığı ugrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər Vətən müharibəsində xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin göstərdikləri şücaətlərdən söhbətlər açıblar. Daha sonra şəhərin Gənclik parkında ağacəkmə aksiyası təşkil olunub.

Anım Günü ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında da tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri ilə yanaşı,  şəhid ailələri, müharibə iştirakçıları iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Ardınca şəhidlərimizin xatirəsinə ucaldılmış kompleks ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb. Sonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib. 

Vətən müharibəsinin üçüncü ildönümü Şamaxı rayonunda da qeyd olunub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və qazilər iştirak edib. Çıxış edənlər  şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən yüksək diqqət və qayğının dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildiriblər. Daha sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şamaxı Cümə Məscidindəölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib. Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Ağsu rayonunda da 27 Sentyabr – Anım günü böyük izdihamla qeyd olunub.Tədbirdə rayon rəhbərliyi,ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edib. Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhid məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Rayon məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib. Çıxış edənlər şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb, bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildiriblər. Daha sonra rayon rəsmiləri Vətən müharibəsi şəhid  ailələrini yaşadıqları ünvanlarda ziyarət ediblər.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi  Kürdəmir rayonunda da ehtiramla yad edilib.  Rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  hərbiçiləri, şəhid ailələri və müharibə iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər. Çıxış edənlər Azərbaycan Ordusunun şücaəti sayəsində respublikanın ərazi bütövlüyünün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd ediblər. Sonda şagirdlərinin hazırladıqları ədəbi-bədi kompozisiya nümayiş olunub.

Çərşənbə axşamı, 26 Sentyabr 2023 16:23

Yabanı halda bitən 3 tondan artıq çətənə kolu məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Keçirilən tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən qurudulmuş marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Araşdırma zamanı Z.Mabudovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 308 kiloqram olan 4582 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Çərşənbə axşamı, 26 Sentyabr 2023 16:19

Anım Günü ilə əlaqədar tədbir keçirilib

Şəki Regional Ədliyyə İdarəsində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin qurumlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər. Çıxış edənlər  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dərin ehtiramla yad edib, onların şücaətlərindən bəhs ediblər.  Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulması xalqımızın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 

Şəkidə Gülarə Abdulkərimovanın “Dağılan tifaq” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində şairlər, kitabsevərlər, şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər kitab barədə iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, kitabda ermənilərin qəddarlıqları həm hekayə, həm də şeir şəklində oxuculara təqdim olunur. Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Cümə axşamı, 21 Sentyabr 2023 18:06

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Himayə” Uşaq İctimai Birliyi tərəfindən “Bizim hamımızın bir Vətəni var, bu, Azərbaycandır!” adlı vətənpərvərlik tədbirləri təşkil edilib. \"Heydər Əliyev ili\" çərçivəsində Şəkinin şəhər və kənd tam orta məktəblərində keçirilən maarifləndirici layihə zamanı vətənpərvərlik, Zəfər tariximiz, dilimiz, mədəniyyətimiz, multikultural dəyərlərimiz mövzularında mühazirə və söhbətlər təşkil edilib. Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Ümummmilli Lider Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bu ənənə prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirir.  Diskussiya şəkində davam edən tədbirlər çərçivəsində şagirdlərin sualları cavablandırılıb.

Cümə axşamı, 21 Sentyabr 2023 14:30

İsmayıllıda yol qəzası

Səhər saatlarında İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası olub. Göyçay sakini 56 yaşlı Sahib Həşimov idarə etdiyi \"Chevrolet \" markalı avtomobillə rayonun Hacıhətəmli kəndində hərəkətdə olarkən qəfl sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.  

Bazar ertəsi, 18 Sentyabr 2023 18:44

Mərhum jurnalist yad edildi

Şəkidə görkəmli jurnalist Teymur Xəlilovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərhum jurnalistin dostları, qələm yoldaşları, şairlər iştirak edib. Çıxış edənlər Teymur Xəlilovun həyat yolundan, xatirələrindən bəhs ediblər. Bildirilib ki, o, gözəl insan, bacarıqlı jurnalist, istedadlı yazıçı olub. Tədbirin sonunda iştirakçılar təşkilatçılara belə şəxsiyyətləri yada saldıqları üçün dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edəki ki, Teymur Xəlilov 18 sentyabr 1935-ci ildə Şəkidə anadan olub, ömrünün 64-cü ilində isə həyata gözlərini yumub.

Zaqatalanın Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun yüksək dağlıq ərazilərinə isə qar yağıb. Dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su səviyyəsi artıb və çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. Yuxarı Tala kəndini Meşleş kəndi ilə birləşdirən yol yararsız hala düşüb. Nəticədə 20-dən çox ailənin yaşadığı Meşleş kəndinin mərkəzlə əlaqəsi məhdudlaşıb. Məcrasından çıxan Zilban çayı Zilban kəndinin körpüsünü yararsız hala salıb. Həmçinin ərazidən keçən qaz xətti də zədələnib. Bu səbəbdən rayon mərkəzinin bir hissəsinə təbii qazın verilməsində fasilə yaranıb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb. Sel suları kənddə 100-dən çox sakinin təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri aparılır, dəymiş ziyanın miqyası hesablanır. Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Qabaqçöl qəsəbəsinə dolu yağıb. Rayon mərkəzinə, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Bir çox yaşayış məntəqəsində qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı Harun Layıcovun üzərindən aşkarlanan narkotik vasitəni Zaur İslamovdan, sonuncunun isə Məhəmməd Cəyiyevdən 200 manata aldığı və hissələrə bölərək ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manata satdığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə Məhəmməd Cəyiyevin yaşadığı ünvana da baxış keçirilib və oradan satış məqsədilə hazırladığı ümumilikdə 1 kiloqramdan marixuana aşkar olunaraq götürülüb. O, ifadəsində həmin narkotik vasitəni çöllük ərazidə becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirib. Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

360 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S