Super User
Eşitməyən qalmasın 03.08.2023
6 döyüş növü üzrə regional birincilik keçirilib...
Şəkidə, 44 günlük vətən müharibəsində şəhid olmuş Fəird Lətifovun xatirəsinə həsr edilmiş, karate üzrə regional birincilik keçirilib. Yarışda 100-dən çox idmançı iştirak edib. 6 döyüş növü üzrə qızlar və oğlanlardan ibarət idmançılar qələbə uğrunda mübarizə aparıblar. 2 gün davam edəcək yarışda, qalib olan konmandalar kuboklarla təltif ediləcəklər. Eyni zamanda fərqlənən idmançılar isə fəxri fərmanlar və medallarla mükafatlandırılacaqlar.
Qaxda 22 yaşlı gənc bıçaqlanıb...
Gecə saatlarında rayonun Lələli kənd sakini, 22 yaşlı Orxan Qəhrəmanov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Orxan Qəhrəmanova bıçaqla xəsarət yetirildiyi məlum olub, vəziyyəti orta-ağır qiymətləndirilir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Balakəndə avtomobillər toqquşdu, xəsarət alanlar var...
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük maşını ilə Mersedes markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan üç nəfər Balakən rayonu Tülü kənd sakinləri 66 yaşlı Nərman Tahirov, Nərmanın övladı 16 yaşlı İsgəndər Tahirov və 32 yaşlı Zaqatala rayonu Muxax kənd sakini Sənan Abakarov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır. Faktla bağlı araşdırma aparılır.
Vəkil olmaq istəyən gənclərin ikinci yay düşərgəsi keçirilib...
Şəki şəhərində baş tutan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi başa çatdı. 26-30 iyul tarixlərində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 55 gənc hüquqşünas iştirak edib. Yay məktəbində iştirakçıların peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, natiqlik qabiliyyətinin yaxşılaşdırılması və digər sahələr üzrə təlimlər keçirilib. Düşərgə müddətində eyni zamanda gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə “Karyera söhbətləri” və səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi də təşkil edilib. Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Gənc muğam ifaçıları Qəbələ Beynəlxalq Musiqi Festivalında...
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalın növbəti günündə Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın tanınmış, gənc xanəndələri Mirələm Mirələmov və Kamilə Nəbiyevanın iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc muğam ifaçıları öz möhtəşəm ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Gənc və istedadlı xanəndələrin ifa etdikləri “Şur”, “Segah”, “Bayatı-Şiraz” təsnifləri, N.Feyzullayevin “Ay qız”, E.Sabitoğlunun “Əsən yellər” və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Tanınmış xanəndələri tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov, balabanda İdris Tağıyev, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.
Aşıq Ramin Qarayevin qonağıyıq | Xəyalə ilə Sizdəyik Mövsüm finalı 30.07.2023
1 əsrə yaxındır susuz qalan kənd
Düzənlik ərazidə yerləşən Bolludərə kəndinin ərazisində su ehtiyatları olmadığından 2013-cü ildə 90 illik su həsrətindən sonra Yaponiya hökümətinin həyata keçirdiyi qrant layihə əsasında içməli su xətti çəkilsə də sakinlərin sevinci uzun sürməyib. Bir il sonra aidiyyatı qurumların məsuliyyətsizliyi səbəbi ilə bu su xətti sıradan çıxıb. İndi həmin xəttlə su yalnız kəndin 1 kilometrliyinə qədər gəlir. Əlacsız qalan sakinlər suyu kənardan gətirmək məcburiyyətində qalır. Məsələ ilə bağlı Bolludərə kənd bələdiyyəsindən bildirilib ki, su təminatındakı problemlə bağlı aidiyyatı qurumlara müraciətlər edilib və bu çətinliyin aradan qaldırılması istiqamətində layihə işlənib hazırlanıb. Xatırladaq ki, 2014-cü ildən layihənin ikinci mərhələsinin olduğu və tezliklə həyata keçiriləcəyi deyilir. Aradan 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq yenə eyni vədin verilməsi onu göstərir ki, 500-dən artıq sakini olan kənd aidiyyatı qurumlar tərəfindən unudulub. Biz də ümid edirik ki, bu çəkilişlə işinə etinasız yanaşan məmurlara bu insanların çəkdiyi əziyyəti xatırlatdıq. Ümid edirik yarımçıq qalan layihə həyata keçirilər və indi qırıq, paslı vəziyətdə olan borularla yenidən su gələr.
Uşaq İncəsənət Festivalının istedadlı uşaqlarının iştirakı ilə konsert təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalının 1-ci və 2-ci turunda iştirak edən istedadlı uşaqların iştirakı ilə Şəkidə konsert təşkil edilib. Konsertdə Şəki şəhərində yerləşən uşaq incəsənət məktəblərinin şagirdləri, Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin özfəaliyyət kollektivləri, rəqs qrupları və muğam üçlükləri bir-birindən maraqlı proqramla çıxış ediblər. Kiçik istedadların çıxışları alqışlarla qarşılanıb. Qeyd edək ki, 6-17 yaş aralığında olan uşaqların iştirakı ilə 21 nominasiya üzrə keçirilən Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır. #kanals#şəki#festival
XIII Qəbələ Musiqi Festivalı davam edir
Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub. Festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və qonaqların iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Ardınca açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub. Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrinin müşayiəti ilə dahi bəstəkarın digər əsərlərini ifa edib. Qeyd edək ki, festivalın proqramına uyğun olaraq kamera musiqisi və muğam axşamları da təşkil olunacaq.