Super User

Super User

Cümə axşamı, 03 Avqust 2023 14:47

Qaxda itkin düşən şəxsin meyiti tapılıb...

10 gün əvvəl çobanlıq etmək üçün yaylağa gedən şəxsin meyiti tapılıb. Rayonun İlisu kənd sakini 31 yaşlı Rəhman Kamallının meyiti İlisudan Sarıbaş kəndinə gedən istiqamətdə, Dağüçən dağı ərazisində yaylaqda olan bir çoban tərəfindən aşkarlanıb. Rəhman Kamallının meyitini düşürmək üçün əraziyə İlisu kənd sakinləri, və müvafiq qrum nümayəndələri yollanıb. Qeyd edək ki, Rəhman Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. Yaxınları onun epilepsiya xəstəsi olduğunu və yeriməkdə çətinlik çəkdiyini bildiriblər.

Cümə axşamı, 03 Avqust 2023 14:42

Polis dağlarda əməliyyat keçirdi...

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı mürəkkəb relyefli dağlıq ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. “Xaş-xaş-2023” tədbirlər planına uyğun olaraq şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Yuxarı Tala kəndindəki dağlıq-meşəlik ərazidə narkotik plantasiyası aşkar edilib. Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik tərkibli bitkilərin həmin kənd sakini Ceyhun Ramazanov tərəfindən becərildiyi müəyyən olunub. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Əraziyə baxış keçirilərkən 70 ədəd çətənə bitkisi, C.Ramazanovun həmin bitkilərdən əldə etdiyi marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin təxminən 3 ay öncə narkotik bitkiləri becərdiyi, onlara qulluq etmək üçün süni su hovuzları hazırladığı məlum olub. O, ifadəsində polisdən yayınmaq üçün çətənə kollarını çətin relyefli ərazidə becərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Cümə axşamı, 03 Avqust 2023 10:59

Eşitməyən qalmasın 03.08.2023

Şəkidə, 44 günlük vətən müharibəsində şəhid olmuş Fəird Lətifovun xatirəsinə həsr edilmiş, karate üzrə regional birincilik keçirilib. Yarışda 100-dən çox idmançı iştirak edib. 6 döyüş növü üzrə qızlar və oğlanlardan ibarət idmançılar qələbə uğrunda mübarizə aparıblar. 2 gün davam edəcək yarışda, qalib olan konmandalar kuboklarla təltif ediləcəklər. Eyni zamanda fərqlənən idmançılar isə fəxri fərmanlar və medallarla mükafatlandırılacaqlar.

Çərşənbə, 02 Avqust 2023 14:17

Qaxda 22 yaşlı gənc bıçaqlanıb...

Gecə saatlarında rayonun Lələli kənd sakini, 22 yaşlı Orxan Qəhrəmanov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Orxan Qəhrəmanova bıçaqla xəsarət yetirildiyi məlum olub, vəziyyəti orta-ağır qiymətləndirilir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 01 Avqust 2023 15:00

Balakəndə avtomobillər toqquşdu, xəsarət alanlar var...

Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük maşını ilə Mersedes markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan üç nəfər Balakən rayonu Tülü kənd sakinləri 66 yaşlı Nərman Tahirov, Nərmanın övladı 16 yaşlı İsgəndər Tahirov və 32 yaşlı Zaqatala rayonu Muxax kənd sakini Sənan Abakarov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır. Faktla bağlı araşdırma aparılır.

Şəki şəhərində baş tutan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi başa çatdı. 26-30 iyul tarixlərində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 55 gənc hüquqşünas iştirak edib. Yay məktəbində iştirakçıların peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, natiqlik qabiliyyətinin yaxşılaşdırılması və digər sahələr üzrə təlimlər keçirilib. Düşərgə müddətində eyni zamanda gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə “Karyera söhbətləri” və səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi də təşkil edilib. Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalın növbəti günündə Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın tanınmış, gənc xanəndələri Mirələm Mirələmov və Kamilə Nəbiyevanın iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc muğam ifaçıları öz möhtəşəm ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Gənc və istedadlı xanəndələrin ifa etdikləri “Şur”, “Segah”, “Bayatı-Şiraz” təsnifləri, N.Feyzullayevin “Ay qız”, E.Sabitoğlunun “Əsən yellər” və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Tanınmış xanəndələri tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov, balabanda İdris Tağıyev, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

Bazar, 30 İyul 2023 15:01

1 əsrə yaxındır susuz qalan kənd

Düzənlik ərazidə yerləşən Bolludərə kəndinin ərazisində su ehtiyatları olmadığından 2013-cü ildə 90 illik su həsrətindən sonra Yaponiya hökümətinin həyata keçirdiyi qrant layihə əsasında içməli su xətti çəkilsə də sakinlərin sevinci uzun sürməyib. Bir il sonra aidiyyatı qurumların məsuliyyətsizliyi səbəbi ilə bu su xətti sıradan çıxıb. İndi həmin xəttlə su yalnız kəndin 1 kilometrliyinə qədər gəlir. Əlacsız qalan sakinlər suyu kənardan gətirmək məcburiyyətində qalır. Məsələ ilə bağlı Bolludərə kənd bələdiyyəsindən bildirilib ki, su təminatındakı problemlə bağlı aidiyyatı qurumlara müraciətlər edilib və bu çətinliyin aradan qaldırılması istiqamətində layihə işlənib hazırlanıb. Xatırladaq ki, 2014-cü ildən layihənin ikinci mərhələsinin olduğu və tezliklə həyata keçiriləcəyi deyilir. Aradan 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq yenə eyni vədin verilməsi onu göstərir ki, 500-dən artıq sakini olan kənd aidiyyatı qurumlar tərəfindən unudulub. Biz də ümid edirik ki, bu çəkilişlə işinə etinasız yanaşan məmurlara bu insanların çəkdiyi əziyyəti xatırlatdıq. Ümid edirik yarımçıq qalan layihə həyata keçirilər və indi qırıq, paslı vəziyətdə olan borularla yenidən su gələr.

353 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S