Super User
Bəxtiyar Vahabzadə doğum günündə yad edilib.
Unudulmaz şair, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb. İştirakçılar Bəxtiyar Vahabzadənin adını daşıyan parkada onun şərəfinə ucaldılmış heykəlinin qarşısına gül-çiçək düzüb, ehtiramalarını bildiriblər. Ardınca tədbir unudulmaz şairin ev muzeyində davam edib. Dahi mütəfəkkirin anadan olmasının 98 illiyi ilə əlaqədar keçirilən tədbirdə şairin yaxınları ilə yanaşı, qələm sahibləri, ziyalılar, Şəki-Zaqatala regional Mədəniyyət idarəsinin işçiləri iştirak edib. Daha sonra Bəxtiyar Vahabzadənin Musiqi sədaları altında şairin şeirlərinin ifası ilə davam edən tədbirdə çıxış edənlər, Bəxtiyar vahabzadə ilə bağlı xatirələrini bölüşüblər. Azərbaycan poeziyasına olduqca dəyərli əsərlər bəxş edən Bəxtiyarın bütün ömrü boyu milli şüur və Azərbaycan dilinin yaşaması uğrunda inamlı mübarizə apardığı diqqətə çatdırılıb. Çıxış edənlər şairin anadan olduğu Şəki şəhərinə bütün ömrü boyu bağlı qaldığı, elə şeirlərini də məhz Şəkinin təbiəti, gözəlliyindən ilham alaraq yazdığını bildiriblər.
Şimal-Qərb regionu üzrə ən çox bal toplayanlar Şəkidəndir
Şəki rayonu üzrə bütün qruplardan ən yüksək nəticəni Şəki şəhər 20 nömrəli tam orta məktəbin məzunu Fidan Muradova qazanıb. O, bu uğurunu 1-ci ixtisas qrupu imtahanında 668 bal toplamaqla əldə edib. Bakı Ali neft məktəbinin ingilis dilində informasiya təhlükəsizliyi ixtisasını seçəcəyini deyən Fidan Muradova sonunda gərgin zəhmətinin bəhrə verməsindən qürurlandığını bildirir. Şəki şəhər 7 saylı tam orta məktəbin məzunu Zəhra Sadıxlı 2-ci ixtisas qrupu üzrə qəbul imtahanında 665 bal toplayıb. İqtisad universitetinin maliyyə ixtisasını seçəcəyini bildirən Zəhra deyir ki, yoldaşları əylənəndə istirahət edəndə o vaxtını planlı şəkildə oxumağa ayırıb və bu da öz nəticəsini verib. Şəki şəhər kimya-Biologiya təmayüllü liseyin məzunu Ləman Yaşarlı isə 4-cü ixtisas qrupunda 662 bal toplayıb. Ləman gələcəkdə təhsilini xaricdə davam etdirmək və ölkəmizə layiqli mütəxəssis, peşəkar həkim kimi yetişmək arzusundadır. Qeyd edək ki, imtahanlarda Şimal-Qərb bölgəsinə daxil olan 6 rayon üzrə 78 məzun 600 baldan yuxarı nəticə göstərib ki, onların da 28-i Şəki rayonunun məzunlarıdır.
Günvurmadan necə qorunaq?
Son günlərdə havanın temperaturunun iqlim normalarından yüksək keçməsi səbəbi ilə Zaqatala rayonunda günvarma diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. Əsasən də, açıq havada sahədə və fərdi təsərrüfatlarda işləyənlər günvurmaya məruz qalırlar. Bəs vətəndaşlar günvurmadan necə qorunurlar? Günvurmanın əlamətləri zəiflik, baş gicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma və qusma, bədən hərarətinin yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bu əlamətlər müşahidə edilən kimi təcili tibbi yardım çağırmaq və həkimlər gələnə qədər zərərçəkənə ilkin yardım etmək lazımdır. Xatırladaq ki, Səhiyyə Nazirliyi də günvurma ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə vətəndaşlar günorta saat 11-dən16-a dək günəş şuaları altından uzaq durmağa çağrılıb.
Zaqatalada yol qəzası baş verib
Zaqatalada yol qəzası olub. Hadisə Zaqatala şəhərinin girişində qeydə alınıb. Balakən sakininin idarə etdiyi 08- BF-923 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Nəticədə avtomobildə olan 3 sərnişindən biri - Balakən rayon sakini, 42 yaşlı Qacarova Sona Ramazan qızı ayaq nahiyəsindən xəsarət alaraq Zaqatala Rayon Diaqnostika Mərkəzinə çatdırilib. Ona diz qapağının qırığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Avtomobil 66 yaşlı kişini vuraraq öldürüb
İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb. İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 68 yaşlı Məmmədov Sədiyar Əziz oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb.
Hündürlükdən yıxılan usta ölüb…
Balakəndə köhnə tikilidə təmir işləri görən Ağdam rayon sakini hündürlükdən yıxılaraq ölüb. Hadisə Balakən şəhəri ərazisində baş verib. Ağdam rayon sakini 43 yaşlı Teymur Quliyev tikilinin dam hissəsində işləyərkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə baş nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alan Teymur Quliyev hadisə yerində ölüb. Fakta bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.
Yolumuz Türkiyə 13.08.2023
Arıçı qadın fermerlərə təlim keçirilib...
AFAQ layihəsi çərçivəsində arıçılıq sahəsində fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə təlim keçirilib. Zaqatala rayonunda baş tutan təlimdə Qax, Zaqatala və Balakən rayonları üzrə ümumilikdə 70 fermer qadın iştirak edib. Təlim arıçılıqda yeni innovativ metodlar, arıçılıq məhsullarının istehsal həcmini artırma strategiyaları və digər mövzuları əhatə edib. Həmçinin təlimdə orta illik temperaturun artması ilə birlikdə çoxalan və arıçılıq təsərrüfatlarına zərər vuran “Varroa” gənələrinin yaratdığı risklərdən və bu gənələrə qarşı görüləcək profilaktik tədbirlərdən bəhs edilib. Təlim zamanı arıları “Varroa” gənələrindən təmizləmək üçün yaradılan yeni “ANTİVARROA” qurğusu arıçılara təqdim olunub. AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Layihə çərçivəsində 388 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.
Ölkəmizdə toxum sərgi-satış yarmarkasına start verilib...
Şəkidə Aqrar İnnovasiya Festivalı keçirilib. Festival çərçivəsində bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları təşkil olunub. Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında toxum-sərgi satış yarmarkaları təşkil ediləcək. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Şəkidəki festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı texnologiya və məhsulların nümayişi təşkil olunub, fermerlərin maarifləndirilməsi üzrə təlimlər keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər. Sərgidə dənli, (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələrinin nümayişi keçirilib. Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib. Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkaların keçiriləcəyi Aqrar İnnovasiya Festivalı avqustun 18-də Şamaxı rayonunda təşkil olunacaq.
Ukraynalı uşaqların Qəbələyə və Şəkiyə səfəri baş tutub...
Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam edir. Paytaxt Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrinə də gəzintisi təşkil edilib. İsmayıllı rayonunun Basqal qəsəbəsindən sonra uşaqlar Qəbələ rayonuna səfər ediblər. Laza kəndin füsunkar təbiəti ilə tanışlıqdan sonra onlar milli mətbəximizin nümunələrindən olan lavaşın hazırlanması prosesində də iştirak ediblər. İsmayıllı və Qəbələnin ardınca 30 ukraynalı uşağın növbəti səfər ünvanı Şəki şəhəri olub. Onlar Şəkidə yerləşən dünya,və yerli əhəmiyyətli tarixi-memarlıq abidələri ilə tanış olublar, Xan Sarayı və Karvansaraya səfər ediblər. Uşaqlar Şəki mətbəxi ilə tanış olub və Şəki halvasının hazırlanması prosesində iştirak ediblər. Şəki ekskursiyasının ardınca onların Şamaxıya da səfərinin təşkili nəzərdə tutulur. Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. Onlar art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Düşərgə iştirakçıları psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.