Super User

Super User

Bu gün Şəki şəhərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib. Tədbirdə Prezident Administrasiyasının, Şəki şəhər icra hakimiyyətinin rəsmiləri, ətraf rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib. Çıxış edənlər 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayıblar.Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən natiqlər, cəmiyyətdə narahatlıqla qarşılanan bir sıra məqamlara da diqqət çəkiblər. Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Vurğulayıb ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdır. Konfransın ikinci hissəsi aktiv diskussiya şəraitində davam edib. Üzləşdikləri neqativ hallarla bağlı şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və qeyri-obyektivliklə qarşılaşdıqlarını qeyd ediblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəsmisi neqativ hallarla üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını, təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu bildirib.

Cümə, 15 Aprel 2022 19:54

Arpa sahəsi məhv olmaq üzrədir...

Şəkinin Baş Kəldək kənd sakini Rafiq Hüseynov arpa sahəsinə gübrə verə bilmədiyi üçün məhsulunun məhv olacağından narahatdır.    Onun sözlərinə görə hazırda gübrənin vaxtı keçir və bir müddət sonra məhsul tamamilə zay olacaq. Rafiq Hüseynovun sözlərinə görə, sahəyə gübrə verə bilməməyinin səbəbi hələ də subsidiya ala bilməməsidir.  Fermer   fevral ayından subsidiyanı almaq üçün müraciət etdiyini ancaq ödənişin hələ də edilmədiyini bildirir. Məsələ ilə bağlı KTN-nin Aqrar Kredit və inkişaf agentliyindən bildirildi ki, vətəndaşın elektron sənədi ilə əsli arasında fərqlər var. Bu səbəbdən də subsidiyanın verilməsində müəyyən çətinliklər yaranıb. Ümid edirik ki, fermer zamanında sahəsini gübrələyə biləcək. Hazırda gübrənin gecikməsi səbəbindən arpa sahəsində seyrəklik müşahidə edilir. Fermer vaxtında tədbir görülərsə məhsul götürəcəyinə ümid edir.

Şəkidə Çələbixan qəsəbƏ sakini Saməddin Xəlilova məxsus tövlə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Hadisə nəticəsində tövlənin yanar konstruksiyaları və çardağa yığılmış 2 ton quru ot yanıb. Yanğın zamanı tövlədə olan xırdabuynuzlu heyvanlardan 15 başı tüstüdən boğularaq tələf olub. Bir baş xırdabuynuzlu və 12 baş iribuynuzlu heyvan tövlədən çıxarılaraq xilas edilib. Faktla bağlı araşdırma aparılır.

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin intensiv olduğu küçə və yollarda nəzarət-profilaktik tədbirlər keçirib. 60-dək avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazları normalara uyğunlaşdırıldıqdan sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən 15-ə yaxın avtomobilin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.

Bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb. Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sağ tərəfdəki sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə sol tərəfdəki Girdiman çayına tərəf yönəldilib və ərazidən avtomobillərin keçidi təmin olunub. Bununla yanaşı, mütəxəsislər Lahıc və ətrafdakı kənd sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir. Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir. 

Cümə axşamı, 14 Aprel 2022 18:34

20 sürücü cərimələndi…

Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reyddə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

 Heydər Əliyev mərkəzində keçirilən tədbirdə çıxış edənlər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Qəbələ Regional İdarəsi gördüyü işlərdən bəhs ediblər. Qeyd olunub ki, Qəbələ regional idarəsi 14 inzibati rayonda 500 abidəni Dövlət Qeydiyyatına götürüb. 300 dən çox yeni aşkar olunmuş abidələrin mühafizəsini təmin edir. Dövr ərzində regional idarənin abidə muhafizəçiləri tərəfindən abidələrdə geniş monitorinqlər aparılıb və nəticələri barədə regional idarəyə hər ay hesabatlar təqdim olunub. Daha sonra tədbir iştirakçıları Qəbələ Regional İdarəsinin nəzarətində olan abidələrin fotolarından ibarət sərgi ilə tanış olublar. Qonaqlara abidələr barədə ətraflı məlumat verilib.Tədbir İsmayıllı rayon incəsənət ustalarının ifaları ilə başa çatıb.

632 -dən səhifə 670

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S