Super User
16 yaşlı gənc velosipedi maşına çevirdi...
Bir ay əvvəl Oxud küçələrində şütüyən yeni minik vasitəsini görənlər əməlli başlı təəcübləniblər. Velosiped və digər avtomobil ehtiyat hissələrindən quraşdırılan bu minik vasitəsinin çəkisi 100 kqdır. 16 yaşlı Fuad Mustafazadə deyir ki, əvvəllər dükandan alış veriş edərkən evə aparmaqda çətinlik çəkib, bu səbəbdən də özünə sözügedən avtomobili düzəltmək qərarına gəlib. Gənc mühəndis velosipedi avtomobilə çevirərkən bir çox avtomobilin ehtiyyat hissələrindən istifadə edib. Görənlərin diqqətini çəkən bu yeni qeyri-adi minik vasitəsinə Fuad ad da qoyub “Velomaşın”. Bu yeni avtomobilin uzunluğu 2 metrdir, hündürlüyü 1.5 tək nəfərlikdir. Velomaşının əsas üstünlüyü isə onun yanacaqsız işləməsidir. Bu yeni nəqliyyat vasitəsini ərsəyə gətirmək üçün il yarım vaxt və 500 manat sərf edən Fuad Mustafazadə onu gələcəkdə təkmilləşdirəcəyini və yeni model avtomobillər yaratmağı düşündüyünü söyləyir. Valideynləri deyir ki, onun uşaqlıqdan fərqli əşyalar düzəltməyə marağı olub. Bu səbəbdən də evdə bir çox avadanlıqları sıradan çıxarıb. Fuad bir çox müsabiqə və yarışlarda hazırladığı müxtəlif modellərlə iştirak edib, fəxri yerləri tutararaq diplom və sertifikatlara laiq görülüb. Gənc istedad yaxşı oxuyub maşın mühəndisi olmaq və gələcəkdə BMW-nin son modelini hazırlamaq arzusundadır.
Əmək yarmarkası keçirilib...
Dövlət Məşğulluq Agentliyi Qəbələdə əmək yarmarkası keçirib. Yarmarkaya işə götürənlər tərəfindən 200-dən çox vakansiya təqdim edilib. İşə götürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb. Yarmarkada həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib. Aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb. İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.
“Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib...
Balakən rayon Uşaq İncəsənət məktəbində “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Balakən Rayon administrasiyasının, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları iştirak ediblər. Tədbir iştirakçıları Şuşaya həsr olunan əl işləri və Balakən şəhidlərinin portretlərindən ibarət sərgi ilə tanış olublar. Əvvəlcə Şuşaya həsr olunan videoçarx nümayiş etdirilib. Çıxış edənlər vurğulayıb ki, noyabrın 8-i Şuşanın azad olunduğu tarix xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Zəfər Günümüz oldu. Şuşanın azad edilməsi mühüm siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Eldən Çölə bu dəfə Ağdaşda 11-ci veriliş
Uşaqlarda 7 gündən artıq davam edən sarılıq varsa, Diqqət! | Həkimcanlı 27.05.2022
Filet mignon | Yeməli 27.05.2022
Çiyələk mürəbbəsi resepti | Kəndimiz 74-cü veriliş
Nohurgöl daşdı, balıqlar sahilə çıxdı...
Son günlər yağan şiddətli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində yerləşən Nohurgöl daşıb.Nəticədə ətraf ərazilər suyun içində qalıb. Ərazidə FHN-in Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən gölün səviyyəsinin normallaşdırılması və faunasına zərər dəyməməsi üçün profilaktiki tədbirlər aparılır.
Qaxda isə güclü yağış və ardınca yağan dolu rayon mərkəzində, eləcə də rayonun Qaşqaçay və Armudlu kəndlərində fəsadlara səbəb olub. Sakinlərin dediyinə görə, təxminən noxud iriliyində yağan dolu ağaclarda yetişməkdə olan bütün meyvələri zədələyib, tərəvəz sahələri məhv olub. Kənd icra nümayəndəliyindən də bildirildi ki, iki yanaşı kəndə uzun müddət yağan dolu demək olar ki, bütün fərdi təsərrüfatlara ziyan vurub. Dolu rayon mərkəzinə də təqribən 10 dəqiqə yağıb. Lakin daha xırda olduğuna görə fəsadsız ötüşüb. Yağışlar Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqununa da səbəb olub. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb. Avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.
“Monumental həyat” sənədli filminin təqdimatı olub…
Şəkidə Azərbaycan heykəltaraşlıq məktəbinin banisi, unudulmaz sənətkar Fuad Əbdürəhmanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Heydər Əliyev mərkəzində baş tutan mərasimdə görkəmli heykəltaraşın ailəsi, Şəki şəhər icra hakimiyyətinin, Regional Mədəniyyət idarəsinin rəsmiləri və ictimaiyyət üzvləri iştirak edib. Çıxış edənlər Fuad Əbdürəhmanovun həyat və yaradıcılığından danışıblar. Daha sonra El televiziyasının hazırladığı “Monumental həyat” sənədli filmi nümayiş olunub. Filmdə Fuad Əbdürəhmanovun monumental yaradıcılığı, yaratdığı sənət əsərlərinin tarixi və bədii məziyyətlərindən bəhs edilir. Filmin ardınca tədbirin bədii hissəsinə start verilib. Milli musiqilər ifa edilib.
"Müstəqillik günü"nə həsr edilmiş tədbir keçirilib...
Şəki şəhər 7 saylı tam orta məktəbdə "28 may - Müstəqillik günü" münasibəti ilə şagirdlərin hazırladağı ədəbi-bədii proqram nümayiş olunub. Tədbir zamanı şəhid mayor Xəyal Məmmədovun adını daşıyan sinfin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnı və rəqslər ifa edib, Vətən müharibəsindən bəhs edən kompozisiya səhnələşdirilib. Sonda şagirdlər şəhid analarına hazırladıqları hədiyyələri təqdim ediblər.