Super User

Super User

Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb. Hadisə rayonun Xalxal kəndi ərazisində, meşəlikdə baş verib.Rayonun Ərmənət kənd sakini, 30 yaşlı Vüqar Mustafayev meşədə kəsdiyi ağacın budağının altında qalaraq xəsarət alıb. Yaralıya Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərilib, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.

Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi veteranları və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün növbəti mediatur təşkil edib. Şamaxı rayonunda yaradılan  təsərrüfatlarla tanışlıq zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, veteranların sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin indiyədək 119 min şəxsi əhatə etdiyi, onlara dəstək yönümlü 243 min xidmət göstərildiyi bildirilib. Sosial dəstək paketi çərçivəsində həmçinin şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 15,2 min şəxsin aktiv məşğulluq proqramlarına, onlardan 8,6 min şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi də diqqətə çatdırılıb. Media nümayəndələri əvvəlcə şəhid Tərlan Amanəliyevin atası Rövşən Amanəliyev üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatla tanış olublar. Şəhid atası postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə avtoyuma avadanlığı ilə təmin olunub.Müharibə veteranları Samir Hacızadənin və Teyyub Nağıyevin təsərrüfatları ilə də tanışlıq olub. Özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına Samir Hacızadə broyler inkubatoru, Teyyub Nağıyev isə heyvandarlıq üzrə təsərrüfatlarını yaradıblar.

İsmayıllıda aqoniya – can vremə halında olan iki at kəsilib. Həmin heyvanların 210 kq ətinin satışa çıxarılmasının qarşısı alınıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Belə ki, Agentlik əməkdaşları tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı İsmayıllı rayonu, Yuxarıbaş kəndində vətəndaş Vüqar Ziliyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kq 2 baş at cəmdəyi qalıqları aşkarlanıb. İlkin araşdırmalar nəticəsində heyvanın aqoniya halında kəsildiyi və istehlaka yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulun toxunulmazlığı təmin edilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.

Ətrafdakı 5 böyük küçə və bütün küçələri birləşdirən ara yollar abadlaşdırılıb, asfalt çəkilib ancaq cəmi 40 metr uzunluğunda olan iki küçənin kəsişməsi nədənsə asfaltsız qalıb. Söhbət Zaqatalanın Yeni yaşayış Massivindəki küçədən gedir... 40 metrlik ərazi hər nə qədər kiçik görünsə də Zaqatalanın Nazim Hikmət və Mikayıl Müşfiq küçələrini birləşdirən ara yoldan hər gün yüzlərlə sakin istifadə edir. Üstəlik küçələrin kəsişdiyi ərazidə körpələr evi və uşaq bağçası fəaliyyət göstərdiyi üçün bu problem təkcə küçə sakinlərini əhatə etmir. Bir neçə il öncə Yeni yaşayış Massivindəki btün küçələr tam asfaltlaşdırılsa da nədənsə sözügedən əraziyə asfalt tökülməyib. Quru havalarda toz, yağışlı havalarda isə yolun palçıqlı olması, üstəlik qurunt və yağış sularının yaxınlıqdakı həyətlərə dolması sakinlərin narazılığına səbəb olur. Onların tək arzusu cəmi 40 metrlik bu ara küçənin də digər ərazilər kimi asfaltlanmasıdır. Rayon İcra Hakimiyyətindən isə bildirildi ki,yolların asfaltlanması öncədən təyin edilmiş layihə smetasına uyğun olaraq növbəlilik əsasında həyata keçirilir. Nazim Hikmət və Mikayıl Müşfiq küçələrini birləşdirən ara yolun da digər məhəllə daxili yollarla birgə gələn ilin layihə smetasına salınaraq, abadlaşdırılması nəzərdə tutulub.
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 3 ton 800 kiloqram olan 2440 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

 

 
Qaxda minik avtomobili radar quraşdırılan dirəyə çırpılıb. Hadisə gecə saatlarında Qax-Şəki avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Şəki istiqamətində hərəkət edən Tərtər rayon sakininin idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarında radar quraşdırılmış dəmir dirəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - Tərtər rayon sakini 34 yaşlı Rəqsanə Həsənova aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, qəzaya düşən avtomobil Balakən rayonundan Tərtər rayonuna gedirmiş. Qəza baş verən zaman avtomobildə azyaşlılar da daxil 7 nəfər olub. Onların hamısı bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

 

 
490 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S