Super User

Super User

Qonşusunun evindən oğurluq edən şəxs ifşa olunub. Hadisə Balakən rayonunun Tülü kəndində baş verib. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan ümumilikdə 23 min 400 manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunan Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib. Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakıya gəlib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı geyimlər alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. 

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlara start verilib.  Bu gün yarışın açılış mərasimində təqdim edilən möhtəşəm qala-şou unudulmaz anlarla yadda qalıb. Yarışların açılış mərasimi zamanı tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunub. İdmançılar təqdim etdikləri maraqlı nümunəvi çıxışları ilə azarkeşlərə öz ustalıqlarını nümayiş etdiriblər. Qədim tarixə və mədəniyyətə malik Şəki şəhərində keçirilən birgə yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq. Yarışların ilk günündə bədii gimnastika üzrə 11-12 yaşlı yeniyetmələr fərdi, halqa, top, gürzlər, akrobatika gimnastikası üzrə 12-18 yaşlı yeniyetmələr fərdi, kişi cütlüyü, qadın qrupu, qarışıq cütlük, çoxnövçülük, halqa, top, lent, gürzlərlə proqramlar mübarizə aparıblar. Sonda nümayiş etdirilən hərəkətlərin icrasına görə verilən xallara əsasən qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Məşhur idmançıların iştirakı ilə keçirilən yubiley yarışı dekabrın 11-dək davam edəcək və Şəki tamaşaçılarına unudulmaz anlar bəxş edəcək. Onu da qeyd edək ki, yarışlara giriş sərbəstdir.

Cümə, 09 Dekabr 2022 19:03

Şəkililərin bitməyən yol çiləsi...

Şəki-Oğuz yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində yaşayan sakinlər  deyir ki, hər dəfə yağış yağanda bu mənzərə təkrarlanır. Oxşar vəziyyət şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində, həmçinin Sarabski küçəsində də qeydə alınır. Sakinlər kanalizasiya sisteminin yenidən qurulması zamanı boruların quraşdırılmasında texniki səhvlərin buraxılması və nəticədə yağış ötürücülərinin su kütləsini tam şəkildə götürə bilməməsini iddia edir. Vəziyyətdən çıxış yolunu isə yağış xətlərinin təmizlənməsində və yenidən qurulmasında görürlər. Komunal Təsərrüfat İstesalat Birliyindən bildirildi ki, problemlə bağlı məlumatlıdırlar və qurum əməkdaşlarının müdaxiləsi ilə şəhər küçələrində su toplanması aradan qaldırılır. O ki, qaldı  texniki səhvlərin buraxılması ilə bağlı iddialara qurum rəsmisi  vəziyyətlə bağlı aidiyyatı qurumlarla məsləhətləşmələr aparıldığını bildirib. Onun sözlərinə görə, iqlim şəraiti imkan verən kimi yol verilmiş texniki səhv aradan qaldırılacaq. İndi həmin ərazinin sakinlərinə ümid etmək və vədlərin yerinə yetirələcəyi zamanı gözləmək qalır.

Şəkidə “Regional tərəfdaşların inkişafı” layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə təşkil edilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı şəhərindən və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib. Tədbirdə çıxış edənlər sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər. Tədbir çərçivəsində, həmçinin panel müzakirə təşkil olunub. KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Dövlət Məşğulluq Agentliyi nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallarcavablandırılıb. “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcək. 

Balakəndə qeyri-adi oğurluq hadisəsi olub. Şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanıb. Mağazada olan ödəmə terminalına zərər yetirilib və obyektin yandırılmasına cəhd edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunan Tehran Həsənov tutulub. Araşdırma zamanı Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub. İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. 

 

Cümə axşamı, 08 Dekabr 2022 19:17

Avtoxuliqanlıq edən şəxs saxlanılıb...

Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşan sürücü inzibati həbs olunub. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. Onun bu əməlləri vətəndaşların da haqlı narazılığına səbəb olub. Şəhər sakini Cavidan Rəhimli idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə əsasən təhsil müəssisələrinin qarşısında intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkədə paylaşıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cavidan Rəhimli sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Ümumi ərazisi 130 508 hektar olan Şahdağ milli parkının 44 min hektarı İsmayıllı rayonunun payına düşür. Bu ərazidə müxtəlif növ heyvanlar yaşasa da öz bənzərsiz gözəlliyi ilə könül oxşayan nəcib marallar xüsusilə diqqətimizi cəlb etdi. Müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malik olan bu marallar kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq, günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək və qida axtarışına xüsusi önəm verirlər. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş marallar keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının tuqay meşələrində saysız hesabsız olsalar da təəssüf ki, indi azalıblar. İllik heyvan sayımı monitorinqlərinin nəticələrinə görə, hazırda ölkəmizdə 800-ə yaxın nəcib maral növü var. Maralların sayının artırılması məqsədi ilə Şahdağ milli parkının İsmayıllı bölməsinə yeni marallar gətirilib. İdeya ictimai birliyi və Ekoloji Təbii Sərvətlər nazirliyinin birgə maral reintroduksiya layihəsi çərçivəsində Şahdağ milli parkına ilk dəfə gətirilən bu maralların hələlik baş sayı dörddür. Maralların cütləşmə dövrü sentyabrdan başlayır, noyabrda başa çatır. Adətən 1 bəzən də 2 bala bala verən maralların erkək fərdlərində hər il köhnə buynuzlar düşür,  bundan sonra yeni buynuzlar inkişaf edir.Yerli iqlimə rahat uyğunlaşa bilən bu nəciblər soyuq şaxtalı havalara da dözümlüdülər. Xatırladaq ki,Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, Canavar, Hindistan tirınduzu, Qonur ayı, Qafqaz köpgəri, Çaqqal, Tülkü, Dovşan,Zubr və digər heyvanlar da mövcüddür.İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanları yaxından görmək də mümkündür.

451 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S