Super User
Sexdən 15 min manatlıq oğurluq edən şəxs saxlanılıb...
Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib. Faktlarla bağlı cinayət işi başlanılıb, Hümmət Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
“Tənha anaların sosial inkişafına dəstək”…
“Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb. Müssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır. Layihə çərçivəsində ilk olaraq uşaqlarını tək böyüdən və çoxuşaqlı anaların seçimi aparılıb. Uyğun namizədlərə KOBİA tərəfindən biznes təlimləri keçirilib və təlimin sonunda qiymətləndirmə aparılıb. Layihəyə cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyinin banklarla birgə icra etdiyi “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib. “Azəriqaz” İB-nin bazasında olan məkanlardan biri təmir edilərək sosial müəssisə formasında layihə iştirakçılarının istifadəsinə verilib. Növbəti mərhələdə Şamaxı rayon İcra Hakimiyyəti müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.
105 yaşlı nənənin uzunömürlülük sirri...
Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan Nasxanım İmaməliyeva 1917-ci ildə Ağsu rayonunun Bicov kəndində dünyaya göz açıb. 105 yaşlı bu ağbirçək nənə uzun müddətdir ki, Şamaxıda qızı ilə birgə yaşayır. Nasxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejmini heç vaxt pozmur. Agbirçək nənə deyir ki, stolun üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz . Qızı deyir ki, nənə ancaq təbii ərzaqlarla qidalanır. Menyusunda hər gün təbii bal və tərkibi müxtəlif tərəvəzlərdən ibarət yemək olur. Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Şamaxının 105 yaşlı sakini üzunömürlü olmasının əsas səbəbini qoyun ətini yeməsində görür. 105 yaşlı nənə bu yaşına qədər mal, toyuq əti, ümumiyətlə qoyun ətindən başqa ətləri yemədiyini deyir. Əməksevərliklə bir əsr yaşayan Nasxanım nənə, uzun müddət üzüm bağlarında, pambıq sahələrində işləyib. Çalışdığı yerlərdədə qabaqcıl işçi olduğuu üçün bir sıra mükafatlar alıb. 2 ci dünya müharibəsində arxa cəbhədə də xidmət edib. Yaxınları deyir ki, nənə 106-cı yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq o, özunü gümkrah hiss edir. Qeyd edək ki, 105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 də kötükçəsi var.
Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub…
Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Musa Yaqubun vəfatından bir il ötür. İsmayıllı rayonunun Buynuz kəndində Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Tədbirdə rayon administrasiyasının, Yazıçılar Birliyinin rəsmiləri, şairin ailə üzvləri, qələm dostları, ziyalılar iştirak ediblər. Çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salıb, xatirələrini bölüşüblər. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb. Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub, önünə əklil qoyulub. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb. Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şeirlər səsləndiriblər.
Ulu öndərin xatirəsi yad edilib...
Şəki şəhər tibb kollecində Umumilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tibb kollecinin tələbələri, şəhər ictimaiyyəti və qazilərin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs ediblər. Tədbir çərçivəsində tələbələrin Ulu Öndərə, Vətən müharibəsinə, Şuşanın azad olunmasına , şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr olunan rəsm əsərləri və əl işləri nümayiş olunub. Ümumilikdə 20 tələbənin 65 əsərinin nümayiş olunduğu sərgi maraqla qarşılanıb. Tədbirin bədii hissəsində tələbələrin ifasında Ulu öndərə həsr olunan şeir və mahnılar səsləndirilib. Milli rəqslərimiz nümayiş olunub.
“Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir keçirilib…
Azərbaycan Dövlət Pedaqoji Universiteti, EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) Azərbaycan və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir keçirilib. Filialın akt zalında keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim və tələbələri, ziyalılar, həmçinin respublikamızın 30-dək şəhər və rayonundan olan fəal müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, vətənpərvər, millətinin varlığını hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan, xeyirxah, yaradıcı dahi şəxsiyyətlər əbədiyaşarlıq qazanır. İncəsənət ustalarının təqdim etdiyi konsertdən sonra tədbir ayrı-ayrı panellər üzrə təlim proqramları ilə davam etdirilib. Təlimlərdə “ERASMUS”, “Sabahın alimləri” respublika müsabiqəsində xüsusi istedada malik şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, “Qrant layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”, “ETWİNNİNG layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “Məktəbəqədər təhsildə layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni metodologiyalar əsasında öyrənmə” və digər mövzular müzakirə olunub.
Sel Şəkidə ciddi fəsadlar törətdi…
Dünəndən başlayan qeyri sabit hava şəraiti, normadan artıq yağıntılar səbəbindən gələn sel Şəkinin 1010 nəfər sakinin yaşadığı Cunud kəndində fəsadlar törədib. Belə ki, dərələrdən gələn yağış suları kəndi rayonla birləşdirən yolu yuyaraq yararsız hala salıb və bu zaman hərəkətdə olan kənd sakini Royal Nadirova məxsus Vaz 2106 markalı avtomobili də özü ilə aparıb. Avtomobilə ciddi ziyan dəysə də xoşbəxtlikdən insan tələfatı olmayıb. Şəki rayonun rəhbər şəxsləri hadisə yerində olublar. Vəziyyət nəzarətə götürülüb. Avtomobil sudan çıxarılıb. Kəndin elektrik təminatı bərpa olunub, mağazalar və digər vacib obyektlər işlək vəziyyətə gətirilib. Sel səbəbindən evinə qayıda bilməyən sakinlər xüsusi texnikaların köməkliyi ilə qarşı tərəfə keçiriliblər. Qeyd edek ki, rayonda qeyri sabit hava şəraiti davam edir.
Həkim-fizioterapevt, reabilitoloq Rüfət Cabbarlı "Həkimcanlı"da 07.05.2022
Ulu öndərə həsr edilmiş sərgi keçirilib...
Şəkidə "Şəki mənzərələri" adlı rəsm sərgisi keçirilib. Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr edilmiş sərgidə bir çox fərqli əl işləri nümayiş etdirilib. Burada kətan üzərində çəkilmiş Şəki mənzərələri, kötüklərin üzərində çəkilmiş rəsm əsərləri, fərqli dizaynda bəzədilmiş boşqablar və sair əsərlər sərgilənib. Rəssam Rəsmiyyə Mahmudova və tələbələri tərəfindən ərsəyə gətirilmiş bu incəsənət əsərləri sərgiyə gələnləri də valeh edib. Çıxış edənlər sərgi barədə ətraflı məlumat veriblər. Həmçinin millət vəkili də öz növbəsində rəsm əsərlərini yüksək qiymətləndirib və rəssamlara öz fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda sərgidə əl işləri nümayə etdirilən tələbələr diplomla mükafatlandırılıb.
Kəndlərdə tibb məntəqələrinin acınacaqlı vəziyyəti...
Şəkinin kəndlərində yerləşən əksər tibb məntəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır. Əksəriyyəti ötən əsrdən tikilən binalar artıq uçmaq üzrədir. Elə məntəqə işçiləri də çalışdıqları şəraitin idealdan uzaq olduğunu etiraf edirlər. Bəzi məntəqələr isə ya uyğunlaşdırılıb, ya da ki, bir neçə idarənin fəaliyyət göstərdiyi binada yerləşir. Bu isə tibb məntəqəsinin fəaliyyəti üçün heç də uyğun deyil. Nəzərə alsaq ki, məntəqələrə xəstə, səhhətində problem olan insanlar müraciət edir, bu zaman yoluxucu xəstəliyi olan şəxs digər idarə əməkdaşları üçün də təhlükə törədir. Problem sadəcə məntəqə binasının vəziyyəti ilə də bitmir. Tibb məntəqələrinin əksəriyyətində heç bir müasir avadanlıq, eləcə də dərman vasitəsi yoxdur. Əlbəttə tibb məntəqələrinin əməkdaşları ilkin tibbi yardım göstərə bilir. Əsasən də peyvəndləmə ilə məşğul olurlar. Ancaq hər hansı ciddi bir problem yaranarsa sakinlər məcbur olub şəhərə üz tuturlar. Məsələ ilə bağlı TƏBİB-dən bildirldi ki, qurumun fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Hazırda kənd tibb məntəqələrinin fəaliyyətinin optimallaşdırılması məsələsi nəzərdən keçirilir. Hazırda dəyərləndirmə aparılır, təmir-bərpa işlərinin aidiyyəti dövlət qurumları tərəfindən planlı şəkildə həyata keçirilməsi planlaşdırılır.