Yenikənd və Dağ Bağırlı kəndinə gedən yol istismar müddətini uzun müddətdir ki, başa vurub. 60-cı illərdə çəkilən və o gündən indiyədək bir dəfə də olsun əsaslı təmir edilməyən, asfalt üzü görməyən yolun bir hissəsi dəfələrlə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də kifayət etməyib. 2 kəndi birləşdirən bu yolda asfalt qatının olmaması hər kəsi təngə gətirib. Xüsusilə də yağışda, qarda palçıqlı yolda məktəblilər dərsə, valideynlər isə işə gedib-gəlməkdə çətinlik çəkirlər. Rayon mərkəzindən 16 km məsafədə yerləşən bu kəndlər Şamaxı-Göylər-Padarçöl avtomobil yolu üzərində yerləşir. 2017-ci ildə Göylər kəndinin yolları yenidə qurulsa da Göylər kəndindən 2 km aralıda yerləşən Yenikənd və Bağırlı kəndlərinin yolu təmirsiz qalıb. Digər kəndlərə marşurut avtobusları işləsə də yolun bərbad olması səbəbindən avtobus və taksi sürücüləri bu kəndlərə gəlməkdən imtina edirlər. Qeyd edək ki, iki kəndi birləşdirən avtomobil yolundan 2000-mindən çox sakin istifadə edir.