Super User

Super User

Övladının gözəl şəraitə malik, müasir standartlara cavab verən bağçalarda təhsil alması hər bir valideynin arzusudur. Ancaq Şəkinin xüsusən də kəndlərində yerləşən bağçalarda hansısa standartlardan danışmağa dəyməz... Əksər bağçalar istifadəyə yararsız, təhlükəli binalarda yerləşir və bu vəziyyətdə azyaşlılar təlim-tərbiyə alır. Belə olan halda valideynlərin də narahatlığı başa düşüləndir. İki bağçanın timsalında ümumi vəziyyəti çəkib sizə göstərməyə çalışmışıq. Qəzalı uşaq bağçalarının aqibətinin necə olacağını sujetdən öyrənək.... Kəndlərdəki əksər bağçaların təmirə ehtiyacı var. Belə bağçalardan biri də Şəkinin Baş Zəyzid kəndində fəaliyyət göstərən uşaq bağçasıdır. Bağçaya daxil olar-olmaz burdakı şəraiti, daha doğrusu, şəraitsizliyi görmək mümkündür. Divarlar uçulub dağılıb, döşəmə çürüyüb, tavan bərbad vəziyyətdədir. Hazırda bağçada 2 qrup üzrə 35 uşaq tərbiyə alır. 8 min nəfərdən çox əhalisi olan kənd üçün isə bu çox aşağı göstəricidir. Oxşar vəziyyət Aşağı Küncüt kənd bağçasında da müşahidə olunur. Yalnız 15 körpənin təhsil və tərbiyə aldığı bağçanın problemləri saymaqla bitmir. Məktəbəqədər təhsil müəssisələri 2021-ci ilin sonlarından Elm və Təhsil nazirliyinin balansına keçib. Şəki-Zaqatala Regional Təhsil idarəsindən verilən məlumata görə, hazırda Şəki rayonunda fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsindən yalnız 15-i müvafiq tələblərə cavab verir. Qalan 46 bağçanın binalası əsaslı və ya cari təmirə ciddi ehtiyac duyur. İnanırıq ki, verilən vədlər yerinə yetəcək və yaxın gələcəkdə bu körpə balalar yeni müasir standartlara cavab verən bağça binalarında təhsil alacaqlar.
Artıq yay öz yerini payızla əvəzlədi. Bununla da yay turizmi öz işinə yekun vurdu. Maraqlıdır, bəs, yay boyunca ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrimizə səfər edib? Yay aylarında, eləcə də bayram günlərində yerli və xarici qonaqların üz tutduqları bölgələrdən biri də İsmayıllıdır. Rayona daha çox Avropa, Rusiya, Pakistan, Türkiyə və ABŞ-dan xeyli qonaq səfər edib. İsmayıllının uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, tarixi abidələri qonaqları özünə cəlb edib. Yay mövsümündə İsmayıllıya üz tutan turistlərin səfər etdiyi yerlərdən biri də qədim Basqal qəsəbəsi olub. Burada kənd turizminin inkişafı, eləcə də ərazidə tarixi abidələrin zənginliyi, eyni zamanda, digər turizm obyektlərinin yüksək xidmət göstərməsi qəsəbəyə gələn turistlərin sayını ilbəil daha artırır.
Xatırladaq ki, İsmayıllıda turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - dünya əhəmiyyətli Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətli abidədir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub. Hazırda İsmayıllıda 20-dən çox otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.
Bu gün Şəkidə Aqrar Sığorta Fondunun nümayəndəliyinin açılışı olub. Həmçinin icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərin iştirakı ilə Aqrar Sığorta Fondu sistemin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı “Kənd təsərrüfatının inkişafında aqrar sığortanın əhəmiyyəti” adlı görüş keçirilib. Aqrar Sığorta Fondunun yeni yaradııan Şəki Filialı fermerlərə aqrar sığorta sistemi ilə bağlı daha yaxşı xidmət göstərmək, həmçinin təsərrüfatlarda yaranan risklərə çevik reaksiya vermək baxımından əhəmiyyətli rol oynayacaq. Filial Şəki-Zaqatala bölgəsindən olan fermerlərin tələb və təkliflərini dinləmək , onlara müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq. Daha sonra Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, xidmətlərin daha əlçatan olması məqsədilə “Kənd təsərrüfatının inkişafında aqrar sığortanın əhəmiyyəti” adlı görüş baş tutub. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, DAİM-in əməkdaşları iştirak ediblər. Görüşdə payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, hazırda fond tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, donvurma, normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Tədbirin davamı olaraq Şəkidə fəaliyyət göstərən müasir fermer təsərrüfatları ilə tanışlıq olub. Xatırladaq ki, fermerlərə dəstək məqsədilə hesablanan sığorta haqqının 50 faizini dövlət ödəyir.
Bir neçə gün öncə Şəkidə məktəbdən qayıdan 4-cü sinif şagirdini oğurlamağa cəhd göstərən şəxslə bağlı iddialar valideynlər arasında böyük təşvişə səbəb olub. Övladlarını məktəbə və ya çölə tək buraxan valideynlər bu hadisədən sonra artıq ehtiyyat edir. Hadisələrin fonunda çəkiliş qrupumuz məktəblərə üz tutub. Təhsil ocaqlarında təhlükəsizlik tədbirləri hansı səviyyədədir - onu araşdırmışıq. İzləyək... Hazırda məktəblərdə 1-ci sinifdən 6-cı sinifədək olan şagirdlər əsasən valideynlər tərəfindən məktəb müəllimlərinə təslim edilir, dərs bitdikdə isə müəllimlər tərəfindən şagirdlər öz valideynlərinə təhvil verilir. Məktəblərdə bu cür hallara qarşı mütəmadi olaraq maarifləndirmə tədbirləri görülsə də, təəssüflər olsun ki, uşaqların qaçırılmasına cəhd faktları yenə də var. Hazırda Şəkidə bir sıra məktəblərdə kamera müşahidə sistemləri mövcuddur və şagirdlərin bu üsulla təhlükəsizliyi təmin edilir. Ancaq bu təhlükəsizlik yalnız təhsil ocağının sərhədləri çərçivəsində həyata keçirilir. Məsələ ilə bağlı psixoloqlar bildirir ki, cəmiyyətdə hamı eyni səviyyədə deyil və bu səbəbdən də uşaq oğurluqları ilə qarşılaşırıq. Bu cür halların qarşısını almaq üçün uşaqlar daim valideyn nəzarətində olmalıdırlar. Böyük ölkələrdən fərqli olaraq ölkəmizdə uşaqların qaçırılması o qədər də geniş vüsat almayıb. Ancaq bu statistikanın artmaması üçün valideynlərlə yanaşı, aidiyyatı qurumlar da ayıq-sayıq olmalıdır.
Cümə axşamı, 22 Sentyabr 2022 09:33

Yeni çəkilən yol niyə dağılıb?

Şamaxı rayonunun Hüseyn Ciddi küçəsinin sakinlərinin kabusuna çevrilən avtomobil yolundan xəbər verəcəyik. Belə ki, yeni çəkilən yol istismar müddətini başa vurmadan, heç bir ili bitmədən dağılıb. Beləcə keyfiyyətsiz işin axırı ayrılan vəsaitin boşa çıxması ilə nəticələnib. Daha ətraflı indi təqdim edəcəyimiz sujetdə... Şamaxının ən böyük küçələrdən olan Hüseyin Ciddi küçəsi bir ilə yaxındır ki, yenidən qurularaq sakinlərin və sürücülərin istifadəsinə verilib. Az müddətdən sonra yolun bəzi hissələri yararsız vəziyyətə düşərək dağılıb, yolda böyük çökmələr əmələ gəlib. Bu da bu yoldan gündəlik istifadə edən sürücülərə çətinliklər yaradır. Yolun çəkilişi zamanı piyadaların rahat şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri tikilib. Ancaq az müddətdən sonra bəzi hissələrdə asvalt örtüyü ilə yanaşı, piyada səkiləri də aşınmaya məruz qalaraq dağılıb. Bəzi nöqtələrdə isə səkilərin tikintisi yarıda saxlanılıb. Bu da sakinlərin haqlı narazılığına səbəb olur... Digər tərəfdən, yol nişanlarının qoyulmaması səbəbindən bu yoldan istifadə edən sürücülər sürət həddini aşırlar. Səkilərin yararsız olması səbəbindən piyadalar məcburiyyət qarşısında qalaraq yolun hərəkət hissəsi ilə getməli olurlar ki, bu da onların həyatı üçün real təhlükə yaradır. Rayonun baş memarı müsahibədən boyun qaçırsa da şifahi olaraq bildirildi ki, tezliklə sözügedən avtomobil yolunda təmir işlərinə start veriləcək. Uçaraq yarasız vəziyyətə düşən səkilər isə yenidən bərpa olunaraq sakinlərin istifadəsinə veriləcək. Ümid edək ki, deyilən sözlər elə söz olaraq da qalmayacaq. Əks halda yolun təmiri üçün ayırılan vəsait boşu-boşuna havaya sovrulmuş olacaq.
Cümə axşamı, 22 Sentyabr 2022 09:15

Avtomobil ağaca çırpıldı, sürücü vəfat etdi...

Zaqatalada minik avtomobili ağaca çırpılıb xəsarət alan var. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində baş verib. Rayon sakini, 39 yaşlı Mustafa Süleymanov idarə etdiyi Opel “Zafira” markalı avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca dəyib, daha sonra fındıq bağına aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Mustafa Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Zaqatala fındığı ilə bağlı ötən buraxılışımızda sujet təqdim etmişdik. Görülən işlər nəticəsində rayon həm fındıq bağlarının sahəsinə, həm də fındıq istehsalına görə birinci yerdədir. Bu sahənin təbliği məqsədilə rayona prss-turlar təşkil edilir, festivallar keçirilir. Bu amil, rayonda qərzəkli meyvəçiliyin təbliği ilə yanaşı, rayonun turizm potensialına da müsbət təsir göstərir. Azərbaycan fındıq ixracı üzrə dünyada 3-cü ölkəyə çevrilib. Fındıq festivalının Zaqatalada keçirilməsi də təsadüfi deyil. Ölkənin fındıq bağlarının 25%-i burada yerləşir. Festivalda Kənd təsərrüfatı nazirliyinin, AQTA-nın, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, yerli icra hakimiyyətinin təmsilçiləri, sahibkarlar iştirak ediblər. Vurğulanıb ki, Zaqatalanın məşhur “ata-baba” fındıq sortu, həmçinin bu bölgədə yetişdirilən məhsulları "qorunan məhsul irsi" siyahısına daxil edilib. Tədbir iştirakçıları sərgilənən məhsullar, tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olub, fındıq istehsalı və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlərlə görüşüblər. Görüşlərdə məhsul yığımının gedişi, məhsuldarlığın artırılması üçün görülən işlər, fındıq məhsullarının emalı və ixracı ətrafında fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb. Festival çərçivəsində AQTA və Aİ-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə fındıq ixracatçıları ilə görüş keçirilib. Çıxış edənlər bildirib ki, fındıq məhsullarına nəzarət daha da gücləndirilib. Azərbaycandan Avropa İttifaqına ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. Görüşdə fındıq ixracında qarşıya çıxan əsas problemlər, təhlükəsiz məhsul istehsalı, fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları, sahibkarları narahat edən məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

498 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S