Super User
Vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayonun Qaysa, Yeni Şərif və Şambul kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Həmçinin,çirkləndirilmiş ərazilərin tullantılardan təmizlənməsi təmin edilib.
Bir iribuynuzlu heyvan və 12 ton ot bağlaması yandı.
Zaqatalanın Lahıc kəndində 48 yaşlı Habil Bayramova məxsus 120 kvm sahəsi olan mal tövləsi və içərisində olan 12 ton ot bağlamaları tamamilə yanıb. Həmçinin tövlədə olan 2 iri buynuzlu heyvandan biri də yanğından tələf olub. Zaqatala rayon yanğından mühafizə xidmətinin əməkdaşlarının səyi ilə yuanğının digər tikililərə yayılmasının qarşısı alınıb.
Eşitməyən qalmasın 21.07.2023
Serial çəkilişləri davam edir
Bir müddətdir ki, Azərbaycanın qədim və tarixi diyarı olan Şəkidə \"Sara\" serialı çəkilir. Serialın çəkilişləri üçün məkan olaraq Şəkinin seçilməsi isə heç də təsadüfi deyil. Belə ki, Şəki daim mədəniyyətlərin kəsişdiyi, öz tarixi şəxsiyyətləri ilə seçilən bir şəhərdir. Sovet dövründə belə Şəki həmişə kinorejissorlar tərəfindən sevilən məkan olub. İndi də film və serial çəkilişləri üçün Şəkiyə üz tutan kinorejissorlar heç də az deyil. Elə \"Sara\" serialının da layihə rəhbərləri məhz bütün bunlar rəhbər tutaraq Şəkini seçiblər. Serialın çəkilişləri əsasən Şəkinin özündə, Qoxmuq və Kiş kəndlərində aparılır. 36 bölümdən ibarət bədii serial daha öncəd qeyd etdiyimiz kimi oktyabrdan etibarən ARB televiziyasında yayımlanmağa başlayacaq. Siz də serialı izləyərək həm qəhrəmanlarımızla yaxından tanış ola, həm də Şəkinin füsunkar təbiətini görə bilərsiniz.
İşiq dirəyindən yıxılan kişi ölüb.
Balakəndə isə 62 yaşlı kişi işıq dirəyindən yıxılıb. Rayon sakini Ömər Ustayev hadisə vaxtı çoxsaylı sınıq xəsarətləri alıb. Dərhal xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Ömər Ustayev rayonun İşıq idarəsinin əməkdaşı olub.
İsmayıllıda kişi meyiti tapılıb.
İsmayıllıda kişi meyiti tapılıb. Təxminən 30-40 yaşlarında kişiyə məxsus olan cəsədi kənd sakinləri səhər saatlarında rayonunun Diyallı kəndi ərazisində, internet kabelləri çəkilən çuxurda aşkar ediblər. Əraziyə dərhal hüquq -mühafizə orqanlarının müvafiq ekspert qrupu çağrılıb. Cəsəd müayinə olunması üçün tapıldığı yerdən götürülüb, morqa aparılıb.
İdarəetmədən çıxan maşın aşdı.
Oğuzda ağır yol qəzası olub. Bir ailənin dörd üzvü xəsarət alıb. Hadisə rayonun Yaqublu kəndi ərazisində baş verib. 35 yaşlı Bakı sakini Kəbirağa Şirinov idarə etdiyi \"Chevrolet Cruze\" markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarına aşıb. Qəza zamanı sürücü, onun həyat yoldaşı 30 yaşlı Sevda Şirinova, övladları 11 yaşlı Elbrus və 10 yaşlı Muhamedhüseyn müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.